Xidmət rəhbəri AzMİU tələbələrinə ustad dərsi keçib

Xidmət rəhbəri AzMİU tələbələrinə ustad dərsi keçib Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən bu qurumun icraçı direktoru Övsət Həmidovun İnşaat fakültəsinin tələbələri ilə görüşü keçirilib.
Görüşdə iştirak edən rektor Gülçöhrə Məmmədova AzMİU ilə Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti arasındakı əməkdaşlıqdan məmnunluğunu ifadə edib və bu əməkdaşlığın tələbələr üçün əhəmiyyətinə diqqət çəkib: “İşğaldan azad edilən ərazilərimizdə sürətli tikinti-quruculuq işləri həyata keçirilir. Bu işlərin ən böyük icraçılarından biri olan Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə əməkdaşlıq tələbələrimiz üçün mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, tələbələrin təcrübəyə cəlb edilməsi onların peşəkar kadr kimi yetişməsi prosesinə böyük töhfə verəcək. Əminəm ki, həmin tələbələrin o ərazilərdə təcrübədə olması onların gələcək fəaliyyətinin işğaldan azad olunan ərazilərin dirçəldilməsi istiqamətinə yönəldəcək və universitet olaraq bu bizim üçün qürurverici haldır”.
Övsət Həmidov çıxışında AzMİU ilə əməkdaşlıqdan məmnunluğunu bildirib. O, hazırda icra edilən və icrası nəzərdə tutulan layihələr haqqında danışaraq universitetlə əməkdaşlığın önəminə toxunub. Xidmət rəhbəri qeyd edib ki, ölkənin memarlıq və tikinti sahəsi üzrə əsas ali təhsil müəssisəsi ilə səmərəli əlaqələr azad olunan ərazilərdə işlərin daha da sürətlə həyata keçirilməsinə imkan verəcək.
Daha sonra Övsət Həmidov tələbələrə ustad dərsi keçib. Dərsdə azad edilmiş ərazilərdə, xüsusilə Talış kəndində icra edilən layihələrlə bağlı ətraflı məlumat verilib. Qurum rəhbəri layihələrin özəlliklərindən, dövlətin bu layihələrdən gözləntilərindən, həmçinin icrası nəzərdə tutulan layihələr çərçivəsində potensial iş imkanlarından danışıb.
Sonda qurum rəhbərinin toxunduğu məsələlərə dair fotolar, infoqrafikalar, eləcə də statistik cədvəllər nümayiş olunub, tələbələrin sualları cavablandırılıb və müzakirələr təşkil olunub.

Tehsil-press.az



Oxşar xəbərlər