AzMİU-nun müəllim və tələbələri Şərqi Zəngəzurdakı tikinti layihələrinə cəlb olunacaqlar

AzMİU-nun müəllim və tələbələri Şərqi Zəngəzurdakı tikinti layihələrinə cəlb olunacaqlar Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.
Rektor Gülçöhrə Məmmədova Şərqi Zəngəzurda, xüsusilə Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən tikinti-quruculuq işlərinin azad olunan ərazilərimizə Böyük Qayıdışın təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Həmin ərazilərin yenidən qurulması üçün Prezident İlham Əliyev tərəfindən ortaya qoyulan siyasi iradəyə diqqət çəkən rektor bildirib ki, quruculuq işlərinin keyfiyyətli və sürətli həyata keçirilməsi məqsədilə AzMİU-da müvafiq istiqamətlər üzrə kadr hazırlığına xüsusi diqqətlə yanaşılır. Rektor əlavə edib ki, yüksək ixtisaslı mühəndis kadrların və memarların yetişdirilməsi üçün universitet tərəfindən istehsalat müəssisələri, tikinti və layihələndirmə şirkətləri ilə sıx əməkdaşlıq edilir. Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə əməkdaşlığın da bu qəbildən olduğunu qeyd edən professor Gülçöhrə Məmmədova əlaqələrin ölkəmizdə memarlıq və inşaat üzrə kadr potensialının gücləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Xidmətin Bərpa və yenidənqurma departamentinin müdiri Yalçın Məmmədov hazırda həyata keçirilən və planlaşdırılan layihələrlə bağlı geniş məlumat verib. O, universitetlə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib.
Görüşdə AzMİU ilə Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda AzMİU müəllimlərinin və tələbələrinin, universitetin Layihə İnstitutunun əməkdaşlarının Şərqi Zəngəzur ərazisində böyükhəcmli tikinti-quruculuq layihələrinə cəlb olunması, AzMİU məzunları üçün karyera imkanları, birgə konfrans və simpoziumların təşkili, təcrübə mübadiləsi və digər məsələlər əks olunub.

Tehsil-press.az



Oxşar xəbərlər