“Laboratoriya dərslərinin yeni təlim üsulları” - seminar

“Laboratoriya dərslərinin yeni təlim üsulları” - seminar Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Laboratoriya dərslərinin yeni təlim üsulları” layihəsinə həsr olunmuş elmi-metodik seminar keçirilib.
Fizika və kimya kafedrasının dosenti, layihənin rəhbəri Şəhla Əhməd qiymətləndirmə sisteminə uyğun yeni dərs vəsaitinin hazırlanmasının 3 mərhələsini və müəllimin e-jurnalına yerləşən bu təcrübələrin bir neçəsini nümayiş etdirib.
Universitetin İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzinin əməkdaşı Sənan Süleymanov əyani vəsaitin tələbə kabinetindən izlənməsi prosesini mərhələli şəkildə təqdim edib.
Laboratoriya dərs vəsaitinin üstün cəhətləri barədə danışan professor Nəbi Babayev mövcud dərsliklə yeni vəsaitin təcrübələrini müqayisəli şəkildə izah edib, bu vəsaitdə kafedranın nəzdindəki laboratoriyalarda aparılan yeni təcrübə işlərinin yer aldığını deyib. Professor videodərslərin qiyabi təhsil alan tələbələr üçün xüsusilə faydalı olacağını vurğulayıb.
Seminarda çıxış edən kafedranın gənc müəllimi Rəna Xankişiyeva laboratoriya təcrübələrinin ingilis dilində də yazılacağını, eyni zamanda, videodərslərdə subtitrlərin ingilis dilində olacağını söyləyib. O, ikili diplom proqram əsasında təhsil alan tələbələr üçün proqramın digər ölkələrin kimya proqramları ilə üst-üstə düşməsi üçün apardığı müqayisəli araşdırmaların qrafiki və zəruri dəyişiklərdən danışıb.
Sonda prorektorlar Akif Qasımov və Nigar Aslanova layihənin tələbələr üçün əhəmiyyətindən danışıblar, belə layihələrin AzMİU-da bundan sonra da dəstəklənəcəyini qeyd ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər