ADU tədrisin Avropa təhsil məkanına inteqrasiyası istiqamətində daim axtarışlar aparır

ADU tədrisin Avropa təhsil məkanına inteqrasiyası istiqamətində daim axtarışlar aparır Zəngin tarixi keçmişə malik olan Azərbaycan Dillər Universiteti tədris, elm, humanitar və beynəlxalq sahələrdə qazandığı böyük nailiyyətləri ilə respublikanın təhsil sistemində özünəməxsus yer tutub, respublikanın ali məktəbləri arasında aparıcı təhsil ocaqlarından birinə çevrilib. Bünövrəsi 75 il bundan əvvəl qoyulmuş universitetin keçdiyi inkişaf yolu kollektivin hər bir üzvü üçün əsl qürur mənbəyidir. Keçən əsrin otuzuncu illərinə qədər bir nəfər də azərbaycanlı xarici dil mütəxəssisi olmayan respublikada hazırda məhz bu universitetin yetişdirməsi olan minlərlə ali təhsilli müəllim, tərcüməçi fəaliyyət göstərir. Universitetin məzunları müstəqil Azərbaycanın daha da inkişaf etməsi, dünya ölkələri arasında nüfuzunun artması, dövlətçiliyinin möhkəmləndirilməsi naminə xalq təsərrüfatının müxtəlif sahələrində uğurla çalışır, əllərindən gələn köməyi əsirgəmirlər.
Bunu Azərbaycan Dillər Universitetinin (ADU) Magistratura şöbəsinin müdiri dosent Firuzə Rzayeva deyib. Onun sözlərinə görə, respublikanın təhsil sistemində aparılan islahatlara çevik reaksiya verən ADU dövlət ali məktəbləri arasında ilk dəfə bütünlüklə kredit sistemli təhsilə keçib və hazırda bu iş böyük uğurla davam etdirilir. Dünyanın aparıcı ali məktəblərinin qabaqcıl iş təcrübəsi elm və tədris prosesində uğurla tətbiq olunur. Universitet ötən illər ərzində öz dəst-xəti ilə seçilən, roman-german dilləri, habelə Qərb xalqları ədəbiyyatının nəzəri və təcrübi problemlərinin fundamental tədqiqi sahəsində misilsiz xidmətləri olmuş görkəmli alimlər yetişdirib. Respublikamızda ingilis, alman və fransız dillərinin müxtəlif aspektləri üzrə nəşr olunmuş dərslik, dərs vəsaiti, proqram, metodiki işləmə və ikidilli, üçdilli, eləcə də çoxsaylı izahlı lüğətlər universitetimizin alimləri tərəfindən hazırlanıb.
O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 13 iyun tarixli Fərmanı respublikada ali təhsil müəssisələrinin işinin yenidən qurulması sahəsində mühüm rol oynadı. Fərman, əslində respublikada təhsilə yeni konseptual yanaşma nəzərdə tuturdu və bütün ali təhsil müəssisələrinin, o cümlədən ali məktəblərin həyatında yeni mərhələnin başlanğıcını qoydu. Həmin Fərmanla Azərbaycan Dövlət Dillər İnstitutunun bazasında Azərbaycan Dillər Universiteti yaradıldı. Zəngin ənənələri olan Xarici Dillər İnstitutunun bazasında universitet yaradılması, əslində, bu ali məktəbin həyatında yeni mərhələnin, Avropa təhsil məkanına inteqrasiyasının başlanğıcı idi.
F.Rzayeva bildirib ki, son illər tərcümə prosesinə, didaktikaya, Azərbaycan ədəbiyyatına, xarici ölkə ədəbiyyatına, dilçiliyə həsr olunmuş konfransların əhəmiyyəti nəinki respublikamızdakı ali məktəblərin alimləri üçün, eləcə də konfransları müştərək keçirdiyimiz xarici ölkələrdən gəlmiş həmkarlarımız üçün də çox faydalı olub.
Universitetimiz tədrisin Avropa təhsil məkanına inteqrasiyası istiqamətində daim axtarışlar aparır, cəsarətli eksperimentlər qoyur, aparılan islahatların səmərəliliyini artırmaq məqsədilə qəti addımlar atır. Universitetdə ali təhsil səviyyəsinin ikinci pilləsi olan magistratura ixtisaslaşma prosesində önəmli yer tutur. Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. “Bu gün elm sahəsində çalışanların əksəriyyəti gənc nəslin nümayəndələridir. 30-32 yaşında olan bir şəxs, demək olar ki, elmə çox ciddi maraq göstərir. Hesab edirəm ki, universitetimizdə gənclərin elmə maraq göstərməsi üçün stimullasdırıcı tədbirlər kifayət qədərdir. Tələbələrin magistr təhsili almaları üçün uğurlu addımlar atılıb. Universitetdə magistratura dərslərinin axşam saatlarında təşkil olunması əmək fəaliyyəti ilə məşğul olmaq istəyənlərə dəstəkdir. Magistratura proqramları, tələbələrə akademik məhsulları artırmaq, tədqiqat səviyyələrini inkişaf etdirmək və peşəkar sahələrdə müvəffəqiyyət qazanmaq üçün geniş perspektivlər açır. Universitetdə magistraturanı bitirən tələbələr əmək bazarında peşəkar perspektivlərə malik olurlar”, - deyə Firuzə Rzayeva əlavə edib.
Şöbə müdiri qeyd edib ki, ADU gənclərə dəstək verən bir universitetdir. Gənclər, təhsil, təcrübə və sosial imkanlarla peşəkar inkişaf və sosial əlaqələr qurma imkanına malik olurlar. Qısa tarixi dövr ərzində universiteti çox az təhsil müəssisəsinə müyəssər olan nailiyyətlər qazanıb. Təsadüfü deyil ki, indi buraya dünyanın bir çox ölkələrindən təhsil almağa gələnlərin sayı ilbəil artır. Universitetimizdə müasir tələblər səviyyəsində həyata keçirilən layihələr və tədbirlər, hörmətli rektor akademik Kamal Abdullanın göstərdiyi qayğı nəticəsində tələbə qəbulunun sayı ildən-ilə artır, məzunların ümumi dünyagörüşü zənginləşir, bilik səviyyəsi yüksəlir. Hazırda onların çoxu respublikanın dövlət strukturlarında, səfirliklərdə, müxtəlif şirkət və assosiasiyalarda, idarə və təşkilatlarda uğurla fəaliyyət göstərir. Çalışırıq ki, xidməti vəzifəmizi layiqincə yerinə yetirək, təhsilimizin qorunması və nümayiş etdirilməsində səy və bacarığımızı əsirgəməyək.

Tehsil-press.az



Oxşar xəbərlər