BDU ilə Türkiyənin Bilecik Şeyx Ədəbalı Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

BDU ilə Türkiyənin Bilecik Şeyx Ədəbalı Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Bilecik Şeyx Ədəbalı Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənədi BDU-nun rektoru Elçin Babayev və Bilecik Şeyx Ədəbalı Universitetinin rektoru Şükrü Beydemir imzalayıblar.
İmzalanma mərasimində çıxış edən E.Babayev Azərbaycanın ən böyük və ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti haqqında məlumat verib. Qeyd edilib ki, 24 mindən artıq tələbəyə və 1500 nəfərdən çox professor-müəllim heyətinə malik universitetdə 16 fakültə, Qazax filialı, bir kollec, bir lisey, iki elmi-tədqiqat institutu fəaliyyət göstərir. Son illər həyata keçirilən islahatlar nəticəsində BDU-nun Hirş indeksi 52-yə çatıb. Hazırda “Web of Science” bazasına ölkə üzrə daxil edilən məqalələrin 25, ali məktəblər arasında isə 40 faizi BDU-nun alimlərinə məxsusdur.
Rektor BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin fəaliyyəti, burada həyata keçirilən layihə və tədqiqatlardan danışıb.
E.Babayev BDU ilə Türkiyənin ali məktəbləri arasında əlaqələrin genişləndiyini, son günlər qardaş ölkənin bir neçə universiteti ilə əməkdaşlıq müqavilələrinin imzalandığını və müxtəlif istiqamətlərdə ortaq layihələr həyata keçiriləcəyini bildirib. O, Bilecik Şeyx Ədəbalı Universiteti ilə əməkdaşlığın da uğurlu olacağına əminliyini ifadə edib.
Bilecik Şeyx Ədəbalı Universitetinin rektoru Şükrü Beydemir iki qardaş ölkənin ali məktəbləri arasında əməkdaşlığın çox məhsuldar və faydalı olacağını vurğulayıb. O, təcrübə mübadiləsinin hər iki universitetin inkişafına töhfə verəcəyini qeyd edib.
Memorandum BDU ilə Bilecik Şeyx Ədəbalı Universitetinin akademik struktur bölmələrində (fakültə, institut, kollec, lisey və s.) aparılan təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə fəaliyyəti, konfrans, sərgi, seminar, simpoziumların, qısamüddətli kurs, təlim və qarşılıqlı maraq doğuran sahələrdə digər tədbirlərin təşkili və keçirilməsini, əqli mülkiyyət hüquqları qorunmaqla nəşrlərin mübadiləsini, elmi jurnallarda birgə nəşrləri, akademik proqramların, tədris planlarının və sillabusların təkmilləşdirilməsi üzrə fəaliyyəti, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsini, magistratura və doktorantura dərəcələri üzrə birgə rəhbərlik istiqamətində əməkdaşlığı nəzərdə tutur.

Tehsil-press.az

Oxşar xəbərlər