Ukraynalı şagirdlər Hərbi Qənimətlər Parkında olublar

Ukraynalı şagirdlər Hərbi Qənimətlər Parkında olublar Ukraynanın akademik Zərifə Əliyeva adına İrpen humanitar xarici dillər liseyinin direktor, müəllim və şagird heyətinin Azərbaycana səfəri davam edir.
Nümayəndə heyəti iyunun 16-da Hərbi Qənimətlər Parkında olublar. Qonaqlar Vətən müharibəsində Azərbaycan Ordusunun qənimət götürdüyü Ermənistan ordusuna məxsus zirehli texnikalar, artilleriya qurğuları, piyada döyüş maşınları, digər hərbi texnika və sursatlarla yaxından tanış olublar. Onlara Vətən müharibəsində Ordumuzun qazandığı şanlı Zəfər və əldə olunan hərbi qənimətlər barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Hərbi Qənimətlər Parkında ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Hərbi Qənimətlər Parkı dövlətimizin gücünün, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin, tarixi Qələbəmizin dünyaya sübutudur.

Tehsil-press.az


Oxşar xəbərlər