BDU-nun tələbəsi DAAD təqaüdünün hüquqşünaslıq ixtisası üzrə yeganə qalibi olub

BDU-nun tələbəsi DAAD təqaüdünün hüquqşünaslıq ixtisası üzrə yeganə qalibi olub Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi Rəhim Abasov DAAD beynəlxalq təqaüdünün hüquqşünaslıq ixtisası üzrə ölkədə yeganə qalibi olub.
Rəhim Abasov təhsil aldığı müddətdə bir çox rəqabətli beynəlxalq və yerli təqaüd proqramlarının qalibi seçilib. 2022-ci ildə ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “SUSI” təqaüd proqramının 1000-ə yaxın müraciətçi arasından qalibi olaraq Pensilvaniya ştatında, Şippensburq Universitetində mübadilə təhsili alıb. “Erasmus+TC”, “European Young Leaders Forum”da tam təqaüdlə iştirak edib.
Rəhim Abasov müxtəlif vaxtlarda Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA Azərbaycan) vitse-prezidenti və prezidenti kimi fəaliyyət göstərib. ELSA-nın Maltada keçirilən 83-cü Beynəlxalq şura toplantısında və Vyanada keçirilən “Rule of Law” konfransında iştirak edib, Avropa Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycanın “Gənc Avropa səfiri” kimi fəaliyyət göstərib.
Rəhim Abasov “Paşa Holdinq” tərəfindən təşkil olunan “Əlaçı” təqaüdünün 3000 müraciətçi arasından qalibi olub. Təhsil aldığı müddət ərzində “SABAH” qrupları təqaüdü və dövlət təqaüdü alıb.
Hazırda Rəhim Abasov 600-ə yaxın müraciətçi arasından Almaniyanın DAAD təqaüdünün ölkədə hüquqşünaslıq ixtisası üzrə yeganə qalibidir və təhsilini Almaniyada tam təqaüdlə davam etdirəcək.

Tehsil-press.az



Oxşar xəbərlər