BMU-nun rektoru Koreyaya gedəcək tələbələrlə görüşdü

BMU-nun rektoru Koreyaya gedəcək tələbələrlə görüşdü Bakı Mühəndislik Universitetinin (BMU) 118 tələbəsi Koreyada təşkil olunan “Yay məktəbi”ndə iştirak edəcək. “Yay məktəbi” BMU və Koreyanın İNHA Universiteti arasında icra olunan tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramı (IDP) çərçivəsində təşkil olunur. Bu münasibətlə BMU-nun rektoru, professor Havar Məmmədov Koreyaya yola düşəcək tələbələrlə görüşüb.
H. Məmmədov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın gənc mütəxəssislərin yetişdirilməsində, yüksəkixtisaslı kadr hazırlığının təşkilində, ölkəmizin intellektual potensialının formalaşdırılmasında böyük roluna və əhəmiyyətinə diqqət çəkib. Rektor bildirib ki, proqramın icrası dövlət başçısının bir tərəfdən ölkə gənclərinə, təhsilə olan diqqət və qayğsının, digər tərəfdən isə gənc universitet olan BMU-ya böyük etimad və yüksək diqqətinin göstəricisidir.
BMU ilə Koreyanın İNHA Universiteti arasında 2020/2021-ci tədris ilindən gerçəkləşdirilən ikili diplom proqramına əsasən, əvvəlki illərdə də təşkil olunan “Yay məktəbi” təcrübəsini xatırladan Havar Məmmədov tələbələrə müvafiq təlimat, nəsihət və tövsiyələrini verib.
Qeyd edək ki, Koreyanın İnçon şəhərində 28 iyul - 18 avqust tarixlərini əhatə edəcək “Yay məktəbi”nin təşkili BMU və İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının əsas komponentlərindən biridir. Həmçinin tələbələrin 3 həftəlik “Yay məktəbi”ndə iştirak xərclərinin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” tərəfindən qarşılandığı vurğulanıb. Bundan əlavə, Koreyaya ümumilikdə 3 qrup olmaqla, mərhələli şəkildə yola salınacaq. İlk səfərdə iki qrupun 27 iyul tarixində, sonuncu - üçüncü qrupun isə 30 iyul tarixində yola düşəcəyi bildirilib.

Tehsil-press.az


Oxşar xəbərlər