BMU-İNHA ikili diplom proqramına növbəti tədris ili üzrə sənəd qəbuluna başlanılır

BMU-İNHA ikili diplom proqramına növbəti tədris ili üzrə sənəd qəbuluna başlanılır 2022-2023-cü tədris ili üçün Bakı Mühəndislik Universiteti və Koreyanın nüfuzlu ali təhsil müəssisəsi olan İNHA Universiteti arasında bakalavriat səviyyəsi üzrə həyata keçirilən beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) dair onlayn qeydiyyat prosesinə start veriləcək. Qeydiyyat prosesi üçün son tarix 10 avqust 2022-ci il saat 23:55 müəyyən edilib. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir.
İngilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavriat proqramına informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə hər biri 32 nəfər olmaqla 128 nəfərin qəbulu nəzərdə tutulur.
Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılacaq. BMU-İNHA İDP-də Azərbaycan Respublikasının vətəndaşı olan və 2022-ci ildə DİM imtahanlarında iştirak etmiş və uğurla keçən 1-ci ixtisas qrupunun abituriyentləri və BMU-İNHA İDP-nin hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış namizədlər iştirak edə bilər.
Proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi yazılı keçiriləcək riyaziyyat, fizika və ingilis dili üzrə daxili imtahandan uğurla keçməlidir. Daxili imtahanda iştirak etmək üçün sənəd qəbulu açıq elan olunan zaman “onlayn anket formasını” dolduraraq tələb olunan sənədləri təqdim etməlidirlər.
BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan avqustun 14-də keçiriləcək. İmtahan nəticələri isə avqustun 19-da elan ediləcək.
Proqramın 3 il müddətində Bakı Mühəndislik Universiteti, 1 il müddətində isə İNHA Universitetində tədrisi nəzərdə tutulur. Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavriat səviyyəsi üzrə diplomlar təqdim ediləcək. Proqramın məzunlarının qazanacağı bilik və bacarıqlar qeyd olunan 4 ixtisas üzrə mühəndislik sahələri, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahələrini əhatə edəcək.
Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, habelə Koreya Respublikasında 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri də “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır.
Proqramla bağlı ətraflı məlumatı elan dan əldə edə bilərsiniz.

Tehsil-press.az

Oxşar xəbərlər