Azərbaycanlı alimin Xəzər neftinin tarixinə dair məqaləsi İtaliyada nəşr olunub

Azərbaycanlı alimin Xəzər neftinin tarixinə dair məqaləsi İtaliyada nəşr olunub AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun Xəzər neftinin tarixinə dair “XX əsrin ikinci yarısında Azərbaycanın Xəzər nefti tarixinin açılmamış səhifələri (1950-1994-cü illər)” adlı məqaləsi İtaliyanın nüfuzlu jurnalında “Rivista Di Studi Politici Internazionali” (RSPI) dərc olunub.
Cəbi Bəhramovun məqaləsi Azərbaycan dəniz neftçıxarma sənayesinin yaranma tarixinə həsr olunub və bu, “Əsrin müqaviləsi” də daxil olmaqla XX əsrin ikinci yarısını əhatə edir. Məqalədə Azərbaycan dəniz neft sənayesinin yaradılması zamanı yaranmış problemlər, onun həyata keçirilməsinin qarşısının alınması məqsədilə SSRİ hökumətində kök salmış düşmənlərimizin atdığı addımlar, Nobel qardaşları ailəsinə yaxın olan Auqust Qermanoviç Helkerstin cinayətkar fəaliyyəti, onun ermənilərlə birgə gördüyü işlər, eləcə də onların Azərbaycan SSR neft sənayesini ləğv etmək istiqamətində göstərdikləri təşəbbüslərdən bəhs olunur.
Bununla yanaşı, XX əsrin 70-80-ci illərində Azərbaycan dəniz neftçıxarma sənaye sahəsinin inkişafı istiqamətində Ulu Öndər Heydər Əliyevin qəbul etdiyi qərarlar, sovet imperiyasının süqutundan sonra Qərb ölkələrinin Azərbaycan Xəzər neftinə göstərdikləri maraq, Azərbaycan torpaqlarının işğalına rəvac vermələri, açıq şəkildə Azərbaycan Respublikası rəhbərliyinə hədə-qorxu gəlmələri, o cümlədən müvafiq qərarların qəbul edilməsi faktiki sənədlər əsasında məqalədə geniş şəkildə təqdim olunub. Bunlara baxmayaraq, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış Milli Neft Strategiyasının həyata keçirilməsi və bütün maneələrin dəf edilməsi məsələləri də məqalədə öz əksini tapıb.
Beynəlxalq siyasi tədqiqatlar jurnalı olan RSPI İtaliyada 1935-ci ildən nəşr olunur. Jurnal bütün Avropada yayımlanır və siyasi xadimlər və diplomatik nümayəndələr tərəfindən mütəmadi oxunur.

Tehsil-press.az



Oxşar xəbərlər