Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə yeni peşə ixtisası yaradılıb

Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə yeni peşə ixtisası yaradılıb Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Azərbaycanda bacarıqlara və məşğulluğa çıxışın təmin edilməsi” layihəsi çərçivəsində yeni təşəbbüsə start verilib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev dövlət – özəl sektorların əməkdaşlığı çərçivəsində atılan addımların peşə təhsilinin inkişafı üçün əhəmiyyətli olduğunu bildirib. “İş yerində öyrənmə modellərinin tətbiqi istiqamətində vacib nailiyyətlər əldə etmişik, işəgötürən tərəfdaşlarımız da bu prosesə böyük töhfə veriblər”, - deyə nazir vurğulayıb.
Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterink isə qeyd edib ki, ümumi iqtisadi faydaları ilə yanaşı, bu cür layihələrin hər kəs üçün yeni iqtisadi imkanlar yaradacağına inanır. Bu layihə Azərbaycanda həyata keçirilən çoxsaylı digər uğurlu dövlət-özəl tərəfdaşlığı təşəbbüslərindən biri olacaq.
Mərasimin sonunda Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Avrora” MMC arasında sənayenin tələblərinə uyğun kadr hazırlığının dəstəklənməsi məqsədilə anlaşma memorandumu imzalanıb. Memorandumu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini icra edən Ceyhun Kərəmov və “Avrora” MMC-nin prezidenti Ceyhun Abbasov imzalayıblar.
Anlaşma memorandumu çərçivəsində qida istehsalı sahəsində ixtisaslı kadrların hazırlanması, tələbələrin bilik və bacarıqlarının artırılması, dual proqramların yaradılması, tədris proqramlarının və təlimin keyfiyyətinin yüksəldilməsi nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən təşəbbüs çərçivəsində qida istehsalı sahəsində sənayenin tələblərinə və sifarişlərinə uyğun kadr hazırlığına dəstək məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Avrora” MMC tərəfindən “unüyütmə istehsalının aparatçısı” ixtisası üzrə kurikulum hazırlanıb. Cari tədris ilindən etibarən peşə təhsil pilləsində bu ixtisasın tədrisinə başlanılır.

Tehsil-press.az




Oxşar xəbərlər