BANM-də Süni İntellekt Mərkəzinin yaradılması planlaşdırılır

BANM-də Süni İntellekt Mərkəzinin yaradılması planlaşdırılır Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) “4SİM Talks” adlı silsilə tədbirlərin keçirilməsinə start verib.
Bu təşəbbüsün əsas məqsədi universitetlər, dövlət və özəl sektor nümayəndələri arasında süni intellekt, əşyaların interneti, böyük verilənlər bazası, bulud texnologiyası, blokçeyn, 3D çap, virtual və artırılmış reallıq kimi 4-cü sənaye inqilabı texnologiyaları sahəsi üzrə maarifləndirməni artırmaq və karyerasını bu sahə üzrə davam etdirmək istəyən ali məktəb tələbələrinə uğurlu yol xəritəsini yaratmaqda kömək etmək və onlarla bu sahədə dünya təcrübəsini paylaşmaqdır.
“4SİM Talks” adlı silsilə tədbirlərin ilk sessiyası Bakı Ali Neft Məktəbində (BANM) keçirilib.
Tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov günümüzdə süni intellekt texnologiyalarının tətbiqinin vacibliyini vurğulayaraq qeyd edib ki, BANM-də bu istiqamətdə mühüm işlər aparılır və yaxın gələcəkdə ali məktəbdə süni intellekt ixtisasının, eyni zamanda, Süni İntellekt Mərkəzinin yaradılması planlaşdırılır.
4SİM-in icraçı direktoru Fariz Cəfərov qurumun fəaliyyəti, cari layihələri, Yeni Nəsil İqtisadiyyat Strategiyasında nəzərdə tutulmuş süni intellekt üzə təşəbbüslər, 4SİM ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıq və müxtəlif sahələrdə süni intellektin tətbiqi, bu sahədə qanunvericilik və tənzimlənmə mexanizmləri ilə bağlı geniş məlumat verib.
Sonra 4SİM-in süni intellekt üzrə layihə rəhbəri Ruslan Zeynalzadə süni intellekt, onun tarixi və növləri haqqında, Dünya İqtisadi Forumun Süni İntellekt və Maşın Öyrənməsi platformasının rəhbəri Hubert Halope süni intellektin tətbiq sahələri, “QSS” şirkətinin rəhbəri Etibar Hüseynli süni intellektin təhsildə rolu, “Caspian Innovation Center” şirkətinin data mütəxəssisləri Ülvi Zamanbəyov və Əsəd Səfərov süni intellektin neft və qaz sektorunda tətbiqi, “Express Bank”ın data mütəxəssisi Təhminə Hüseynova süni intellektin bank sektorunda tətbiqi ilə bağlı təqdimatlar keçirərək tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Qeyd edək ki, 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi sahəsində maarifləndirməni artırmaq məqsədilə “4SİM Talks” adlı silsilə tədbirlərin mütəmadi olaraq müxtəlif auditoriyalarda təşkil olunması nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər