Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Süni İntellekt Mühəndisliyi” magistratura proqramı tədris ediləcək

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Süni İntellekt Mühəndisliyi” magistratura proqramı tədris ediləcək Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Süni İntellekt Mühəndisliyi” magistratura proqramı tədris ediləcək.
Tədris proqramı müvafiq modellərin və metodların istifadə edilməsi ilə ölkəmizdə süni intellektlə əlaqəli sahələrin inkişafına olan ehtiyacın ödənilməsinə təhsil və təlim dəstəyi verməyi nəzərdə tutur.
İkiillik qabaqcıl “Süni İntellekt Mühəndisliyi” magistratura proqramı həm tədqiqat və həm də müvafiq sənaye sahələri üçün nəzərdə tutulub. Beləliklə, tədris proqramı tələbələrin elmi araşdırma yürütmələri üçün geniş imkanlar təqdim etməklə yanaşı, onların müasir iş yerlərində süni intellekt ilə bağlı tələb olunan bilik və bacarıqlara yiyələnmələrinə də adekvat dəstək vermək üçün tərtib olunub. Proqramın məzunları gələcək nəsil intellektual sistemlərin qurulmasına öz töhfəsini verəcək süni intellekt mütəxəssisləri, uğurlu süni intellekt əsaslı layihələrin komanda liderləri, yaxud insan və süni intellekt arasındakı qarşılıqlı əlaqələr üzərində işləyən süni intellekt dizaynerləri olacaqlar.
Proqramı uğurla bitirən məzunlar:
Süni intellekt texnologiyalarını hərtərəfli anlaya biləcəklər.
Sözügedən texnologiyaların hansı sahələrə tətbiq edilə biləcəyini müəyyən edə biləcəklər.
İnsan və iş mühitlərində sistemlərin necə tərtib olunduğunu və necə paylandığını biləcəklər.
Yeni süni intellekt texnologiyaları və məhsullarının tərtibi və təkmilləşdirilməsi üzrə çalışan uğurlu komandalara liderlik edə biləcəklər.
Süni intellekt tətbiqetmələrini təbii dil emalı, təsvir tanıma və kompüter görməsi, axtarış və optimallaşdırma, avtonom əməliyyatlar, duyğu və hiss analizi, agent dəstəkli sistemlər və bir çox əlaqəli sahələrə uyğun tərtib və tətbiq etməyi bacaracaqlar.
Emal sənayesi, biotibb və bioinformatika sahələri, robototexnika və nəqliyyat sistemləri üçün dəstək təmin edə biləcəklər.
Həmçinin müvafiq bacarıqlar tələb olunan bank sektorunda çalışmaq üçün ixtisaslı ola biləcəklər.
Tədris proqramına qəbul Dövlət İmtahan Mərkəzinin tənzimləmələrinə əsasən həyata keçirilir.

Tehsil-press.az


Oxşar xəbərlər