Bilal Ərdoğan Azərbaycan İlahiyyat İnstitutunda olub

Bilal Ərdoğan Azərbaycan İlahiyyat İnstitutunda olub Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Nəcməddin Bilal Ərdoğan Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib. Qonaqla institut kollektivinin görüşü təşkil olunub.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət himnləri səsləndirilib.
Qarabağ və Çanaqqala şəhidlərinin ruhlarına Dəyanət İşləri Başqanlığı Müshəf Tədqiqləri və Qiraət Şurasının üzvü Fatih Okumuş tərəfindən Quran tilavəti təqdim olunub.
Sonra çıxış edən Aİİ-nin rektoru, dosent Aqil Şirinov Bilal Ərdoğanı institutda görməkdən məmnun olduğunu bildirib, ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Türkiyə–Azərbaycan qardaşlığının əbədi olduğunu diqqətə çatdıran A.Şirinov vurğulayıb ki, tarixin bütün dövrlərində biz bunun şahidi oluruq: “Çanaqqalada azərbaycanlı gənclərin Anadolu gəncləri ilə birlikdə qələbə qazandıqlarını, Nuru Paşanın döyüşçüləri ilə birlikdə 1918-ci ildə Azərbaycanın köməyinə gəldiyini görürük”.
A.Şirinov Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi zamanında da qardaş Türkiyə xalqına və dövlətinə göstərdikləri mənəvi dəstəyə görə dərin minnətdarlığını bildirib. Rektor, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluğunun dövlətlərimiz arasındakı əlaqələrin inkişafında əvəzsiz rolundan bəhs edib.
Daha sonra Nəcməddin Bilal Ərdoğan Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşaviri İhsan Açık bəyin moderatorluğu ilə tələbələrin suallarını cavablandırıb.
Bilal Ərdoğan vurğulayıb ki, ilahiyyat sahəsində savadlı, bilikli kadrlara hər zaman ehtiyac var. İctimai elmlərin və xüsusən də ilahiyyat elminin əhəmiyyətinə diqqət çəkən qonaq qeyd edib ki, müasir dünyanın mənəvi problemlərinin həlli sahəsində səylə çalışacaq ziyalılara, ilahiyyatçılara, mütəfəkkirlərə, cəmiyyətin önündə gedən insanlara ehtiyacımız var. O, XXI əsrdə islami elmlərdə dərin araşdırma aparacaq ziyalıların yetişdirilməsinin zəruri olduğunu vurğulayıb.
Bilal Ərdoğan Azərbaycan İlahiyyat İnstitutunun tələbələrinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, Azərbaycanın uğurlu gələcəyi naminə səylə çalışmalı, savadlı, gənc mütəxəssislər kimi formalaşmalıdırlar.

Tehsil-press.az





Oxşar xəbərlər