Şərqşünaslıq İnstitutunda hazırlanan kitab Toronto Universitetinin kitabxanasına hədiyyə edilib

Şərqşünaslıq İnstitutunda hazırlanan kitab Toronto Universitetinin kitabxanasına hədiyyə edilib AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadənin tərtibatı və məsul redaktorluğu ilə çap olunmuş “Azərbaycan” qəzeti”. Azərbaycan Demokratik Firqəsi Mərkəzi Komitəsinin orqanı (1945-1946-cı illər, Təbriz)” adlı toplu Kanadada Toronto Universitetinin kitabxanasına hədiyyə edilib.
Bu kitab kitabxanaya Kanadada Cənubi Azərbaycan əsilli Yaşar Pur Əlinin nəşr etdirdiyi “Azerbaijan Post” qəzeti tərəfindən təqdim edilib. Kitabın Toronto Universitetinin kitabxanasına hədiyyə edilməsində məqsəd “Azərbaycan” qəzetinin məzmununun Torontodakı alimlər və tələbələr üçün əlçatan olmasıdır.
Toronto Universitetinin kitabxanası Kanadanın ən böyük kitabxanalarından biri hesab olunur. Bu kitabxana yalnız tədqiqatçılar tərəfindən istifadə olunur və ictimaiyyət üçün açıq deyil. Kitabxana 4,5 milyon çap mənbəyini əhatə edir.
Böyük əhəmiyyət kəsb edən, sənədli “Azərbaycan qəzeti” kitabı Toronto Universiteti kitabxanası tərəfindən təqdirəlayiq qarşılanıb, həmçinin kitabı hazırlayan Səməd Bayramzadəyə təşəkkürnamə təqdim olunub. Təşəkkür məktubunda deyilir: “Bu kitab Şimali Amerikada nadirdir və onu tapmaq çox çətindir, ona görə də onun əldə edilməsi Cənubi Azərbaycan tarixinin bu mühüm dövrünü burada tədqiq edən tədqiqatçılar üçün çox vacibdir. Bu gözəl əsərin ərsəyə gəlməsində göstərdiyiniz səylər çox təqdirəlayiqdir”.
Qeyd edək ki, topluya qəzetin 1945-1946-cı illərdə nəşr edilmiş bütün nömrələri daxil edilib. “Azərbaycan” qəzeti 1945-1946-cı illərdə cənubi azərbaycanlıların milli-demokratik hərəkatı nəticəsində yaradılmış və cəmi bir il yaşamış Azərbaycan Milli Hökumətinin ictimai, iqtisadi, siyasi və mədəni sahələr üzrə həyata keçirdiyi islahatları, Azərbaycan cəmiyyətinin demokratik əsaslar üzərində qurulub möhkəmləndirilməsi sahəsində fəaliyyətini, bütün İran miqyasında demokratik hüquqlar uğrunda mübarizəsini əks etdirib. “Azərbaycan” qəzeti öz səhifələrində firqənin şüarlarını, günün siyasi məsələlərini sadə ana dilində izah edərək kütlələri milli azadlıq uğrunda mübarizədə əlbir olmağa çağırırdı. Azərbaycan xalqının tarixini və mədəniyyətini, istək və arzularını, uğrunda mübarizə apardığı müqəddəs məqsədi, İran hakimiyyətinin ölkəni uçuruma aparmasını, fəlakət və bədbəxtliklərin səbəblərini, İran xalqlarının demokratiya və azadlıq tələblərini hər bir sayında çox aydın bir şəkildə təqdim etdirib. “Azərbaycan” qəzetinin ilk sayı 1945-ci il sentyabrın 5-də çap edilərək xalq arasında yayılmış və Azərbaycanda milli-demokratik hərəkatın süqutunadək (1946-cı il 12 dekabr) 370 sayı dərc edilib. “Azərbaycan” qəzeti cənubi azərbaycanlıların milli şüurunun formalaşması və inkişafında əvəzsiz rol oynayıb. Qəzetin 1945-1946-cı illərdə nəşr edilmiş bütün saylarını dörd cilddə yenidən çap etməkdə məqsəd Azərbaycan Milli Hökumətinin birillik fəaliyyəti dövründəki olayları, çoxşaxəli islahatları və azadlıq yolunda göstərilmiş qəhrəmanlıq və fədakarlıqları ilk mənbədə oxuculara, o dövrü tədqiq edənlərə və gənc nəslə çatdırmaqdır.

Tehsil-press.az



Oxşar xəbərlər