MDB üzv dövlətlərinin ali attestasiya orqanları rəhbərlərinin Moskva şəhərində görüşü keçirilib

MDB üzv dövlətlərinin ali attestasiya orqanları rəhbərlərinin Moskva şəhərində görüşü keçirilib Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri, professor Famil Mustafayev Moskva şəhərinə işgüzar səfəri çərçivəsində Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdə iştirak edib.
İlkin olaraq Rusiya Federasiyasının elm və ali təhsil naziri Valeriy Nikolayeviç Falkovun sədrliyi ilə MDB iştirakçısı olan ölkələrin nümayəndələrinin iştirakı ilə yubiley tədbiri keçirilib. Tədbirdə MDB məkanında elmi dərəcə haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində növbəti mərhələyə keçid və bununla əlaqədar müvafiq Saziş layihəsinin hazırlanması perspektivləri ətrafında müzakirələr aparılıb.
Daha sonra Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyasında elmi kadrların attestasiyası sisteminin yeni inkişaf istiqamətləri və xüsusiyyətləri məsələlərinə həsr olunmuş plenum baş tutub. Plenumda Komissiyanın 90 illik yubileyinə həsr olunmuş sənədli film nümayiş olunub, Ali Attestasiya Komissiyasının sədri Vladimir Mixayloviç Filippovun “MDB üzv dövlətlərində elmi kadrların attestasiyası sisteminin qurulması və inkişafı” mövzusunda məruzəsi dinlənilib. MDB iştirakçısı olan ölkələrin nümayəndələrinin çıxışları çərçivəsində Famil Mustafayev təqdimatında Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının xüsusiyyətləri, elmi dərəcələr və elmi adlar verilməsi sahəsində son illər ərzində ölkə rəhbərliyi tərəfindən ölkədə həyata keçirilən islahatlar barədə geniş məlumat verib.
Tədbir iştirakçıları, həmçinin yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparıb, gələcək fəaliyyətlərində ən qabaqcıl və təkmil təcrübələri tətbiq etmək məqsədilə elmi kadrların attestasiyasının yeni inkişaf istiqamətlərini müzakirə ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər