SOCAR AQŞ Azərbaycanda ilk quruda qazma layihəsinə başlayıb

SOCAR AQŞ Azərbaycanda ilk quruda qazma layihəsinə başlayıb Kompleks qazma və quyulara xidmət üzrə aparıcı şirkət olan SOCAR AQŞ öz fəaillət istiqamətini genişləndirərək daha bir ilkə imza atıb. O, ölkədə ilk quruda qazma layihəsinin icrasına başlayıb.
SOCAR AQŞ bu layihəni icra etmək üçün Azərbaycanın ilk özəl enerji şirkəti olan GL LTD MMC-nin tabeliyində olan “Taghiyev Operating Company” MMC (TOC) ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən SOCAR AQŞ TOC-un Buzovna-Maştağa neft yatağında qazma əməliyyatlarını icra edəcək.
Buzovna-Maştağa yatağında qazma əməliyyatlarını həyata keçirmək üçün SOCAR AQŞ qazma və yenidənqurma qurğularının layihələndirilməsi və tikintisi üzrə dünya lideri olan “Drillmec” şirkətinə məxsus HH 300 kimi tanınan avtonom hidravlik qazma qurğusundan istifadə edir. Bu müasir qurğu müxtəlif şəraitlərdə, o cümlədən quruda səmərəli və təhlükəsiz qazma əməliyyatlarının icrası üçün unikal xüsusiyyətləri ilə tanınır.
SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev deyib: “Quruda qazma əməliyyatlarının həyata keçirilməsi Azərbaycanın enerji sənayesi və iqtisadiyyatı üçün çox vacibdir. Biz bu mühüm layihəni bütün maraqlı tərəflər üçün peşəkar komandamız, yüksək keyfiyyətli texnologiyalarımız və uzun illik təcrübəmizlə uğurla icra edəcəyik”.
SOCAR AQŞ öz əməliyyatlarını və portfelini genişləndirməyə davam edərkən, ən yüksək peşəkarlıq, keyfiyyət və innovasiya standartlarını qorumağa sadiq qalır. Dəyişən bazar dinamikasını və texnoloji irəliləyişlərə uyğunlaşmağın vacibliyini başa düşən SOCAR AQŞ, sifarişçilərinin ehtiyaclarına cavab verən qabaqcıl həllər təklif etməyə davam edir.
Qeyd edək ki, GL şirkəti SOCAR AQŞ-nin Azərbaycanda artıq üçüncü sifarişçisidir. Bu yeni tərəfdaşlıq 15 illik təcrübəyə sahib olan və bu günə qədər 150-dən çox quyunun qazılmasını həyata keçirən SOCAR AQŞ-nin Azərbaycanda qazma və quyu xidmətləri üzrə aparıcı şirkət kimi mövqeyini daha da gücləndirəcəkdir.
SOCAR AQŞ haqqında:
SOCAR AQŞ 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy və Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir.
Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. SOCAR AQŞ ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir.
SOCAR AQŞ 2009-cu ildən Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) üzvüdür və bütün tətbiq olunan beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir.
Daha ətraflı: https://www.socar-aqs.com/az/

Tehsil-press.az



Oxşar xəbərlər