Aİ əhalinin depressiyası səbəbindən hər il 600 milyard avro itirir

Aİ əhalinin depressiyası səbəbindən hər il 600 milyard avro itirir Avropa İttifaqı əhalisinin Ukrayna müharibəsi və koronavirus pandemiyası səbəbindən depressiyalı psixik vəziyyəti hər il 600 milyard avroya başa gəlir ki, bu da Aİ-nin ümumdaxili məhsulunun 4,2 faizinə bərabərdir.
“Interia Business” portalı bu barədə “Polşa İqtisadiyyat İnstitutu” analitika mərkəzinə istinadla məlumat yayıb.
“Avropa İttifaqının 27 ölkəsində və Böyük Britaniyada psixi sağlamlıqla bağlı problemlər ümumdaxili məhsulun 4,2 faizinə, yəni 600 milyard avroya başa gəlir. Bu itkilərin üçdəbirindən çoxu məşğulluq və məhsuldarlığın azalması ilə bağlıdır”, - deyə institutun məruzəsində deyilir.
“Eurobarometer” xidmətinin apardığı sorğuda iştirak edən respondentlərin 62 faizi avropalıların mənəvi vəziyyətinə ən çox Ukrayna müharibəsinin və COVID-19 pandemiyasının təsir etdiyini bildirib.
Psixika ilə bağlı pozğunluq təkcə Avropa İttifaqının deyil, bütün dünya iqtisadiyyatının probleminə çevrilib. Dünya İqtisadi Forumunun hesablamalarına görə, 2030-cu ilədək bu cür xəstəliklərin müalicəsi bütün qeyri-infeksion xəstəliklərlə mübarizə xərclərinin yarısını təşkil edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər