AMEA-da Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

AMEA-da Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib AMEA-nın Azad Həmkarlar İttifaqının, Humanitar və İctimai Elmlər bölmələrinin Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr edilmiş birgə tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Vətən müharibəsində qazanılmış Qələbənin üçüncü ildönümünə həsr olunmuş yığıncağın həm də müstəqilliyimizin simvolu olan Dövlət Bayrağı Günü ərəfəsinə təsadüf etdiyini, Azərbaycanın üçrəngli bayrağının azad edilmiş ərazilərimizdə ucaldılaraq qürurla dalğalandığını deyib.
İsa Həbibbəyli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söhbət açıb. İkinci Qarabağ müharibəsində əldə olunmuş Zəfərin ordumuzun gücünün, xalqımızın birlik və həmrəyliyinin bariz təcəssümü olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin tarixin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşadığını deyib. Qarabağın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq salnaməsi olan Vətən müharibəsində xalqımızın Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd etdiyini söyləyib.
Akademik İsa Həbibbəyli Azərbaycan Prezidentinin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng bərpa-quruculuq işlərindən, Böyük Qayıdışın uğurla həyata keçirilməsindən danışıb. O, Qarabağda həyata keçirilən quruculuq proseslərində alimlərimizin də yaxından iştirak etdiklərini vurğulayıb. Qeyd edib ki, AMEA-nın üzərinə düşən vəzifə bu möhtəşəm tarixin salnaməsini yazmaq, gedən proseslərin elmi, siyasi, obyektiv qiymətini vermək, onları ümumiləşdirmək, gələcək nəsillərə çatdırmaqdır.
Tədbirdə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, qazi Radif Mustafayev, Folklor İnstitutunun aparıcı elmi işçisi, şəhid mayor Vüsal Vəliyevin qardaşı Əpoş Vəliyev, AMEA-nın Qadınlar Şurasının sədri professor Rəna Mirzəzadə və başqaları Azərbaycan tarixinin ən parlaq səhifəsi olan Zəfər Gününün Prezident İlham Əliyevin uğurlu strategiyasının, qüdrətli Azərbaycan Ordusunun, eləcə də ölkənin iqtisadi inkişafının zəfəri olduğunu, milli qürur mənbəyimiz olan bayrağımızın azad edilmiş ərazilərimizdə vüqarla dalğalandığını vurğulayıblar.
Sonra tədbirdə II Qarabağ müharibəsinin qazilərinə və iştirakçılarına mükafatlar təqdim edilib.

Tehsil-press.az



Oxşar xəbərlər