BSU-da tədbir: Şanlı Zəfər tariximiz

BSU-da tədbir: Şanlı Zəfər tariximiz Bakı Slavyan Universitetində (BSU) İbtidai təhsil kafedrasının nəzdində fəaliyyət göstərən “Auditoriya +” layihəsi çərçivəsində Vətən müharibəsinin ildönümünə həsr olunmuş “Şanlı Zəfər tariximiz” adlı tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BSU-nun rektoru səlahiyyətlərini icra edən siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev tədbirdə iştirak edən qazilərə təşəkkürünü bildirib. Anar Nağıyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı Qələbənin böyük tarixi-siyasi əhəmiyyətindən danışıb.
BSU-nun tərbiyə işləri üzrə prorektoru dosent Xanım Sultanova Vətən müharibəsində qazanılmış Qələbə nəticəsində xalqımızın həyatında yeni mərhələnin başlandığını vurğulayıb.
Tədbirdə Birinci Qarabağ müharibəsinin iştirakçısı mayor Aidə Şirinova, Vətən müharibəsi qaziləri - baş leytenant Pərvin Abdullayev, Mikayıl Əzizov döyüş yoldaşlarından, şəhidlərimizdən, xalqımızın iradəsindən, dövlət başçımızın uzaqgörən, müdrik siyasətindən danışıblar.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova “44 günlük Vətən müharibəsi dövründə İlham Əliyevin nitq siyasəti” mövzusunda çıxış edib.
Eldar Əliyev adına 93 nömrəli tam orta məktəbin I sinif şagirdi Nuray Səlimova şəhidlərimizə həsr edilmiş şeir söyləyib.
İbtidai təhsil kafedrasının dosentləri Çimnaz Məmmədova və Şükufə Ağakişiyeva tarixi Qələbəmizlə bağlı təəssüratlarını bölüşüblər.
Tədbirdə şəhidlər haqqında videoçarx təqdim edilib.

Tehsil-press.az


Oxşar xəbərlər