“Zəfərin səsi” adlı ədəbi-bədii tədbir keçirilib

“Zəfərin səsi” adlı ədəbi-bədii tədbir keçirilib Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA), “İrəli” İctimai Birliyi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş “Zəfərin səsi” adlı ədəbi-bədii tədbir keçirilib.
Azərbaycan Gənclər Fondu, Təhsilin İnkişafı Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və “Bir Könüllü” Tələbə Təşkilatının tərəfdaşlığı ilə keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirin rəsmi hissəsində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Gənclər və İdman Nazirliyinin İctimai inkişaf sektorunun müdiri Elşən Qəhrəmanov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən Nərgiz İsmayılova, Azərbaycan Gənclər Fondunun Gənclərlə iş şöbəsinin əməkdaşı Emil Yusifov və Abşeron rayon Masazır kənd 5 nömrəli tam orta məktəbin müəllimi, Vətən müharibəsi qazisi Rəsul İbrahimli çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən söhbət açıblar. Bildirilib ki, ikinci Qarabağ müharibəsində əldə olunmuş Zəfər ordumuzun gücünün, xalqımızın birlik və həmrəyliyinin bariz təcəssümüdür.
Çıxış edənlər sentyabrın 19-da Azərbaycan dövlətinin həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkə ərazisində suverenliyin bərpa olunduğunu, bütün bu proseslərin təməlində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dövlət siyasətinin dayandığını diqqətə çatdırıblar.
Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət “Milli Avaz” xor kollektivi və “Buta” xalq çalğı alətləri orkestrinin ifasında görkəmli Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları və instrumental musiqi nümunələri təqdim olunub.
Qeyd edək ki, tədbirin əsas məqsədi müasir dövrdə müxtəlif ideologiyaların təsiri fonunda gənclər arasında milli düşüncəni qoruyub saxlamaq, onların vətənpərvər ruhda yetişməsinə nail olmaq, şəhid və qəhrəmanlarımızı tanıtmaq, eləcə də onların keçdiyi tarixi Zəfər yolunu təbliğ etmək və xatirələrini daim uca tutmaqdır.

Tehsil-press.az


Oxşar xəbərlər