ADA Universitetinin əməkdaşları Gürcüstanda bir sıra görüşlər keçiriblər

ADA Universitetinin əməkdaşları Gürcüstanda bir sıra görüşlər keçiriblər ADA Universitetinin Gürcüstanda səfərdə olan məsul əməkdaşları Tbilisidə bir sıra görüşlər keçiriblər.
ADA Universitetinin prorektoru Vəfa Kazdal və nümayəndə heyətinin üzvləri bu gün Gürcüstan Texniki Universitetinin rektoru David Qurqenidze ilə görüşüblər. Görüşdə ADA Universitetinin imkanları barədə ətraflı məlumat verilib. ADA Universiteti ilə Gürcüstan Texniki Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub. İki təhsil ocağı arasında müəllim və tələbə mübadiləsi və s. məsələlər diqqət mərkəzində olub.
Sonra prorektor Vəfa Kazdal, Tələbə qəbulu şöbəsinin əməkdaşı Mahnur Abbasova, Qazax Müəllimlər Seminariyasının layihə meneceri Samirə Ağayeva Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan yerli azərbaycanlı tələbələrlə görüşüblər. SOCAR-ın Gürcüstan nümayəndəliyinin Tbilisidəki baş ofisində keçirilən görüşdə ADA Universitetinin yaranması, beynəlxalq əməkdaşlıq əlaqələri, tələbə qəbulu qaydaları, təhsil və təqaüd proqramları, fakültələr, tələbələr üçün yaradılmış imkanlar və üstünlüklər barədə ətraflı məlumat təqdim olunub. SOCAR-ın məsul əməkdaşı Heydər Əliyev Azərbaycan dövlətinin Gürcüstandakı soydaşlarımıza göstərdiyi diqqət və qayğı barədə məlumat verib. Bildirib ki, SOCAR 2002-ci ildən etibarən Gürcüstandakı soydaşlarımızın ali məktəblərə qəbul olunmuş tələbələrin təhsil haqqını ödəyir. Hazırda azərbaycanlılar Gürcüstanın 18 universitetində 40 fakültədə təhsil alırlar. Tələbələrin təhsil haqqı bu ildən SOCAR-ın hazırladığı yeni proqram üzrə ödənilir. Yeni proqram tələbələri təhsilə daha ciddi və məsuliyyətli yanaşmağa sövq edir. Onun sözlərinə görə, əlaçı tələbələr üçün mükafat fondu da yaradılıb.
Sonra tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.
Görüşlərdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, ADA Universitetinin əməkdaşları azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə də görüşlər keçirəcəklər.

Tehsil-press.az


Oxşar xəbərlər