ADMİU-nun 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim olunub

ADMİU-nun 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim olunub Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibətilə Beynəlxalq Muğam Mərkəzində konsert proqramı təqdim olunub.
“Sədalansın muğamatım...” adlı konsert ADMİU-nun Musiqi sənəti fakültəsinin Muğam sənəti kafedrası tərəfindən hazırlanıb.
ADMİU-nun 100 illiyi münasibətilə kollektivi təbrik edən Muğam sənəti kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanov yubileylə bağlı cari ilin əvvəlindən silsilə tədbir və konsertlərin keçirildiyini bildirib. “Sədalansın muğamatım...” adlı konsertin də onlardan biri olduğunu vurğulayıb.
Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri olan muğam haqqında danışan T.Aslanov bu sənətin əsrlərdən bəri ustad və şagird dialoqu əsasında gəlib günümüzə çatdığını qeyd edib. O, təqdim olunan konsertin də “Şur” muğamı üzərində məhz həmin konsepsiyada hazırlandığını nəzərə çatdırıb.
Xalq artisti Teyyub Aslanov, Əməkdar artist Zakir Əliyev və Muğam sənəti kafedrasının tələbələri Əvəzxan Əzizov, Rəna Mehralıyeva, Sərxan Mirzəyev, Aynur Ağamalıyevanın ifasında konsert proqramı dinləyicilərə xoş anlar bəxş edib.
İfaçıları Əməkdar artistlər Əliağa Sədiyev, Toğrul Əsədullayev, Kamran Kərimov, ADMİU-nun Xalq çalğı alətləri kafedrasının müəllimi Pərviz Əlikramoğlu və həmin kafedranın tələbələri Aygün Mehmanlı, Hüsaməddin Əzizov müşayiət ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər