ADMİU-da süni intellektin incəsənət sahələrinə təsiri ilə bağlı görüş keçirilib

ADMİU-da süni intellektin incəsənət sahələrinə təsiri ilə bağlı görüş keçirilib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyevlə süni intellekt və onun incəsənət sahələrinə təsiri ilə bağlı görüş keçirilib.
Görüşdə universitet rəhbərliyi, professor-müəllim heyəti, eləcə də İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları iştirak ediblər.
Görüşü giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonağa dəvəti qəbul edib gəldiyi üçün təşəkkürünü bildirib.
ADMİU-nun əməkdaşları olan mədəniyyət xadimləri ilə görüşdən olduqca məmnunluq duyduğunu ifadə edən akademik R.Əliquliyev görüşün mövzusuna uyğun olaraq süni intellekt haqqında danışıb və onun mədəniyyətin, incəsənətin müxtəlif sahələrinə təsirlərindən bəhs edib. Yaxın gələcəkdə süni intellektin həyatımızın bütün sahələrinə olduğu kimi, incəsənətin də musiqi, kino, rəssamlıq və digər sahələrinə birbaşa təsir edəcəyini və ənənəvi üsulları dəyişdirəcəyini bildirən akademik bunun müsbət və mənfi tərəflərini iştirakçıların nəzərinə çatdırıb.
Görüşdə ADMİU-nun Muğam sənəti kafedrasının müdiri Xalq artisti Teyyub Aslanov, professorlar Aydın Talıbzadə, Məryəm Əlizadə, Kamilə Dadaşzadə, Xalq rəssamı Arif Əziz, Rəssamlıq fakültəsinin Dizayn və dekorativ tətbiqi sənət kafedrasının baş müəllimi Mir Azər Abdullayev, Əməkdar incəsənət xadimi, ADMİU-nun dosenti Ayaz Salayev və başqaları mövzu ilə bağlı fikir və düşüncələrini bölüşüblər. Akademik onları maraqlandıran sualları cavablandırılıb. Görüş müzakirə şəklində davam edib.
Sonda maraqlı görüş üçün akademik Rasim Əliquliyevə təşəkkürünü bildirən rektor C.Mahmudova ona xatirə hədiyyəsi təqdim edib.

Tehsil-press.az


Oxşar xəbərlər