ADMİU-nun 100 illik yubileyi BDU-da qeyd olunub

ADMİU-nun 100 illik yubileyi BDU-da qeyd olunub Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyinə həsr olunmuş “Yüzillik” adlı tədbir keçirilib.
Tədbirdə BDU-nun rektoru Elçin Babayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ADMİU-nun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı təkcə bu nüfuzlu təhsil ocağının fəaliyyətinə deyil, həm də ümumilikdə xalqımızın mədəniyyəti və incəsənətinə göstərilən böyük qayğının nümunəsidir: “Şərəfli inkişaf yolu keçmiş ADMİU ölkəmizin peşəkar mədəniyyət və incəsənət işçiləri ilə zənginləşməsində mühüm rol oynayan, Azərbaycanın mədəni inkişafına dəyərli töhfələr verən nüfuzlu elm, təhsil və mədəniyyət ocağıdır. Azərbaycanı dünyada tanıdan məşhur sənətkarlar və böyük ustadlar məhz bu universitetin məzunu olublar. Onlardan bir çoxu hazırda bu universitetdə uğurla çalışır, öz bilik və bacarıqlarını əsirgəmədən yeni sənətkarlar nəslinin formalaşmasında fəal iştirak edir. ADMİU BDU-dan sonra universitet statusu alan ikinci universitetdir. Hər iki universitet publik hüquqi şəxs kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki ali təhsil ocağının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Bu illər ərzində BDU ölkəmizi Azərbaycanda və dünyada uğurla təmsil edən elm, təhsil işçiləri, ictimai-siyasi xadimlər, ADMİU isə tanınmış mədəniyyət xadimləri yetişdirib”.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova Prezident İlham Əliyevin universitetin 100 illik yubileyinin keçirilməsi ilə bağlı müvafiq Sərəncamının əhəmiyyətini vurğulayıb. O, ADMİU-nun 100 ildə Azərbaycan incəsənətinə istedadlı sənətkarlar bəxş etdiyini deyib, bu şərəfli missiyanın davam etdiriləcəyini bildirib.
Sonra ADMİU-nun Musiqi sənəti fakültəsinin hazırladığı konsert proqramı təqdim olunub.
ADMİU-nun Xalq çalğı alətləri ansamblının, universitetin tələbələrdən ibarət Xalq çalğı alətləri orkestrinin, incəsənət ustalarının ifasında səslənən musiqi nömrələri maraq doğurub.

Tehsil-press.az


Oxşar xəbərlər