İstanbul Texniki Universitetinin rektoru AzTU-da olub

İstanbul Texniki Universitetinin rektoru AzTU-da olub Türkiyənin İstanbul Texniki Universitetinin (İTU) rektoru professor İsmayıl Koyuncunun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.
Əvvəlcə hər iki universitetin rəhbərliyi və nümayəndələri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub. Daha sonra Şəhidlər xiyabanında torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının məzarı və “Türk Şəhidliyi” abidəsi ziyarət olunub.
AzTU-da davam edən görüşdə rektor Vilayət Vəliyev qeyd edib ki, AzTU və İTU əlaqələri müxtəlif istiqamətlər üzrə inkişaf etdirilir. Rektor deyib ki, AzTU-da yeni yanaşmaların tətbiqi zamanı İTU-nun təcrübəsindən istifadə olunur.
İstanbul Texniki Universitetinin rektoru professor İsmayıl Koyuncu qeyd edib ki, iki universitet arasında əlaqələrin inkişafı Türkiyə və Azərbaycan ali təhsil sisteminin inkişafına töhfə verməkdədir.
Görüş zamanı müəllim və tələbə mübadiləsi, müvafiq istiqamətlər üzrə ikili diplom proqramlarına hazırlıqla bağlı məsələlər müzakirə olunub.

Tehsil-press.az



Oxşar xəbərlər