ABŞ-ın müdafiə nazirinə prostat xərçəngi diaqnozu qoyulub

ABŞ-ın müdafiə nazirinə prostat xərçəngi diaqnozu qoyulub Ötən ilin dekabr ayında ABŞ-ın müdafiə naziri Lloyd Ostinə prostat vəzinin xərçəngi diaqnozu qoyulub.
Bu barədə yanvarın 9-da “Walter Reed” adına Milli Tibb Mərkəzinin nümayəndələri məlumat yayıb. Onların sözlərinə görə, xərçəng xəstəliyi prostat vəzinin müayinəsindən sonra aşkarlanıb.
“Xəstəlik ilkin mərhələdə aşkar edilib və onun sağalma proqnozu əladır”, - deyə məlumatda bildirilir.
Lloyd Ostin dekabrın 22-də əməliyyat edilsə də, yaranan fəsadlar səbəbindən bu il yanvarın 1-də yenidən xəstəxanaya yerləşdirilib. İlkin müayinə zamanı onda sidik yollarının infeksiyası müəyyən olunub.
Xəstəxanaya yerləşdirildikdən sonra Lloyd Ostin səlahiyyətlərini müavini Ketlin Hiksə ötürüb. Lakin Ketlin Hiksə və Ağ evə nazirin xəstəxanaya yerləşdirilməsi barədə məlumat yalnız yanvarın 4-də verilib.
Pentaqon rəhbərinin gizli şəkildə xəstəxanaya yerləşdirilməsi Yaxın Şərqdə gərginliyin artması və Rusiyanın Ukraynaya davam edən təcavüzü fonunda baş verib. Konqresdəki bir sıra respublikaçılar və sabiq prezident Donald Tramp xəstəxanaya yerləşdirilməsi barədə məlumat vermədiyi üçün Lloyd Ostini istefaya çağırıb.
Qeyd edək ki, prostat xərçəngi amerikalı kişilər arasında ən çox yayılmış onkoloji xəstəlikdir. O, ABŞ-da hər 8 kişidən birində və hər 6 Afrika əsilli amerikalı kişindən birində müşahidə olunur.

Tehsil-press.az


Oxşar xəbərlər