Madrid 2026-cı ildən F1 İspaniya Qran-Prisinə ev sahibliyi edəcək

Madrid 2026-cı ildən F1 İspaniya Qran-Prisinə ev sahibliyi edəcək Madriddə “IFEMA” sərgi kompleksində keçirilən mətbuat konfransında bu şəhərin 2026-cı ildən etibarən Formula 1 yürüşünə - İspaniya Qran-Prisinə ev sahibliyi edəcəyi elan olunub.
Müqavilə çoxillik xarakter daşıyır və 2035-ci ilədək nəzərdə tutulub. Promouter qismində çıxış edən “IFEMA Madrid” şirkəti 2026-cı ilədək şəhər halqasının və stasionar avtodromun cizgilərini özündə birləşdirən yeni trasın tikintisi öhdəliyini öz üzərinə götürüb.
“IFEMA” sərgi mərkəzinin ətrafında çəkiləcək və dairəsinin uzunluğu 5,47 kilometr olacaq trasa 20 döngə daxildir. Lakin layihə hələ Beynəlxalq Avtomobil Federasiyası (FIA) səviyyəsində təsdiqdən keçməlidir. Pilotların təsnifatda dövrəni keçmə vaxtı 1 dəqiqə 32 saniyə təşkil edir.
Formula 1-in prezidenti və icraçı direktoru Stefano Domenikali deyib: “Madrid zəngin tarixə malik gözəl şəhərdir, o, dünyanın ən iri idman hadisələrinə ev sahibliyi edib. Bugünkü elandan sonra İspaniya Qran-Prisi üçün yeni səhifə açılır. Biz Madridin Formula 1 təqviminin Avropa hissəsində bütün yürüşlərə nümunə olacağını görəcəyik. Mən “IFEMA” komandasına minnətdarlığımı bildirmək istəyirəm ki, onlar Formula 1 tələblərinə tam cavab verən belə gözəl təklif hazırlamağı bacarıblar. Biz Madriddə yürüşü təşkil etmək üçün bu komanda ilə işləməyə hazırıq, İspaniya Qran-Prisi üçün yeni dövrün başlanğıcını alqışlayırıq”.
“İspaniya paytaxtında yeni trasda Formula 1-in müasir maşınlarının yürüşünü görmək olduqca cəlbedici layihədir. Təqdirəlayiq haldır ki, yerli təşkilatçılar ekoloji tərkibə yüksək diqqət ayırırlar. Adətən, avtodrom layihəsi FIA-nın təhlükəsizlik standartlarına müvafiqliyin yoxlanması prosedurundan keçməli, yürüşün dünya çempionatı təqviminə salınması isə Avtomobil İdmanı üzrə Ümumdünya Şurası tərəfindən təsdiq olunmalıdır”, - deyə FIA-nın prezidenti Məhəmməd ben Sulayem bildirib.
“IFEMA Madrid”in icraiyyə komitəsinin prezidenti Xose Visente de los Mosos bu barədə deyib: “Arzumuz həyata keçir, biz Formula 1 yürüşünü qəbul edəcəyik və o, kompleksimizin ətrafından keçəcək. Formula 1-in 40 ildən artıq fasilədən sonra Madridə qayıtmasını elan etməyə şadıq. Biz dünya çempionatı təqvimində nümunəvi mərhələ olacaq Qran-Prini təşkil etmək niyyətindəyik”.

Tehsil-press.az



Oxşar xəbərlər