Gənclər və yeniyetmələr arasında narkotik maddələrin daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu da təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcudur. Bu proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirilmə kampaniyaları daxildir. Keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması, internet şəbəkəsində yerləşdirilməsi mütləqdir.
Problemin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bir çox cinayətin törənmə səbəbləri arasında birinci sıralarda yer alan narkomanlığa aludəçilik həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkotizmin vəziyyəti və narkotik vasitələrin ümumi çəkisi rəsmi qaydada aşkar edilmiş cinayətlərdən və müsadirə edilmiş narkotiklərdən başqa, təqribi hesabalamalara da əsaslanır. Bu rəqəmlərin dolğun olması üçün ölkədə əvvəlcə narkomanların düzgün qeydiyyatına nail olunur, daha sonra isə real əməliyyat şəraitinə uyğun tədbirlər keçirilir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra digər məsələlər kimi, bu problemin də həlli öndə saxlanıldı. Müstəqilliyimizin ilk illərindən başlayaraq ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, cəmiyyətimizin sağlam inkişafının vacibliyini vurğulayaraq demişdir: “Narkomaniya və narkobizneslə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və əqli sağlamlığı uğrunda aparılan mübarizədir”. Ümummilli lider Heydər Əliyev 26 avqust 1996-cı il tarixdə müvafiq fərman imzalamış və problemin həlli istiqamətində həyata keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu Fərman əsasında 2000-ci ilə qədərki dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, 18 iyun 1999-cu ildə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” qanun qəbul olunmuşdur.
Dövlət başçısı İlham Əliyevin imzaladığı fərmanlarla təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramdan (2007-2012-ci illər)”, eyni zamanda bu sənədin davamı olaraq “2013-2018-ci illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı”ndan, daha sonra 2019-2024-cü illəri əhatə edən dördüncü növbəti 5 illik Dövlət Proqramından irəli gələn vəzifələr yüksək səviyyədə yerinə yetirilmişdir.
Təbii ki, bu proqramların icrasında məqsəd ölkə əhalisinin sağlamlığının qorunması üçün ciddi təhlükə olan, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən narkotik maddələrin ölkəmizə idxalının qarşısının alınması, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizənin gücləndirilməsidir. Qeyd edək ki, bu mübarizə Azərbaycan Respublikası Cinayət Məcəlləsində də öz əksini tapıb. Sənəddə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi cinayətlərə aid edilmiş, bu cür neqativ hallara qarşı mübarizəni əhatə edən hüquqi baza, tədbirlər planı təkmilləşdirilmişdir. Bir əsas məqam da hər zaman önə çəkilir ki, Azərbaycan “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT Konvensiyasına qoşulduqdan sonra üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirib.
Hüquq mühafizə, gömrük orqanlarının bu sahədə apardıqları mübarizə tədbirləri nəticəsində ölkəyə qeyri-qanuni, qaçaqmalçılıq yolları ilə gətirilən xeyli miqdarda narkotik maddələrin müsadirə olunaraq zərərsizləşdirilməsi istiqamətində mübarizə tədbirləri davamlı olaraq diqqətdə saxlanılır. Bir sözlə, narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qoruyur, dövlətçiliyimizi daha da möhkəmləndirmiş oluruq.
Əminliklə söyləmək olar ki, Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılır, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi istiqamətində qətiyyətli addımlar atılır.
Bildiyimiz kimi, bəşəriyyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Məhz bu gün narkomaniya ilə mübarizə ilə bağlı atılan addımların hesabatı kimi dəyərləndirilir. Azərbaycan Silahlı Qüvvələr Gününün də təqvimin eyni səhifəsinə təsadüf etməsi sanki cəmiyyətimiz üçün bir mesajdır ki, Vətəni qorumağa yalnız sağlam, narkotik asılılığı kimi bəlalara düçar olmayan vətəndaşların gücü, iradəsi çatar.
Ismayil Rövşənov
Sabunçu rayon prokurorunun böyük köməkçisi,
kiçik ədliyyə müşaviri
Sabunçu rayon prokurorunun böyük köməkçisi,
kiçik ədliyyə müşaviri
Tehsil-press.az