AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Əvvəlcə AMEA prezidenti akademik İsa Həbibbəyli iştirakçılara gündəlikdəki məsələlər haqqında məlumat verib.
İclasda müzakirə edilən birinci məsələ Azərbaycan Respublikası Prezidentinin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr barədə olub.
Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli dahi şairin Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutduğunu qeyd edib. O, görkəmli şairin Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkarlardan olduğunu, istedadlı nümayəndələri ilə tanınan bütöv bir ədəbi məktəb formalaşdırdığını bildirib.
AMEA prezidenti milli-mənəvi dəyərlərin qorunmasına hər zaman xüsusi diqqət və qayğı göstərmiş Ümummilli Lider Heydər Əliyevin Məhəmməd Füzulinin yubileyinin UNESCO tərəfindən qəbul olunmuş qərarla beynəlxalq səviyyədə layiqli şəkildə qeyd edilməsində böyük rolu olduğunu vurğulayıb. Ulu Öndər Heydər Əliyevin ikinci hakimiyyəti dövründə Məhəmməd Füzulinin 500 illik yubileyinin ölkəmizdə geniş şəkildə keçirildiyini xatırladan akademik İsa Həbibbəyli bu tədbirin Azərbaycanda keçirilən dünyamiqyaslı möhtəşəm mədəniyyət və sənət bayramı olduğunu bildirib. O, Prezident İlham Əliyevin də Ulu Öndərin ənənələrini davam etdirərək ölkəmizin ədəbi, tarixi, ictimai və siyasi şəxsiyyətlərinin xalqa tanıdılmasına və tədqiqinə böyük diqqət ayırdığını qeyd edib.
Akademik İsa Həbibbəyli bildirib ki, dövlət başçısının “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası ilə bağlı Mədəniyyət, Elm və Təhsil nazirliklərinə, eləcə də AMEA-ya tədbirlər planının hazırlanaraq həyata keçirilməsi tapşırılıb. O, Məhəmməd Füzulinin yubileyinin AMEA-da yüksək səviyyədə təşkili ilə bağlı işlərə başlanıldığını, bu məqsədlə tədbirlər planının hazırlanması istiqamətində Humanitar Elmlər və İctimai Elmlər bölmələrinə müvafiq tapşırıqların verildiyini diqqətə çatdırıb.
İclasda təqdim olunmuş təkliflər əsasında tədbirlər planının hazırlanaraq AMEA-nın Rəyasət Heyətində təsdiq edilməsi qərara alınıb.
Daha sonra AMEA-nın Direktorlar Şurasının yaradılması haqqında çıxış edən akademik İsa Həbibbəyli Akademiyada idarəetmənin və aparılan islahatların çevikliyinin artırılması, elmi müəssisələr üçün aktual olan məsələlərin geniş müzakirəsi və konsensusun əldə olunması, meydana çıxan problemlərin səmərəli həlli yollarının axtarılması məqsədilə AMEA-nın Direktorlar Şurasının yaradılması zərurətinin yarandığını vurğulayıb. O, yaradılacaq şuranın AMEA-nın elmi müəssisələri arasında qarşılıqlı əlaqələrin yaradılmasına, təcrübə mübadiləsinin aparılmasına, əmək intizamı ilə bağlı məsələlərin müzakirəsinə, eləcə də birgə elmi və elmi-texniki tədbirlərin təşkilinə xidmət edəcəyini bildirib.
Tədbirdə AMEA Rəyasət Heyətinin qərarı ilə Akademiyanın Direktorları Şurası yaradılıb və şuranın tərkibi təsdiq edilib.
İclasda, həmçinin repressiya qurbanı olmuş Xalid Səid Xocayevin XX əsrin 30-cu illərində Azərbaycan dilinə tərcümə etdiyi Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” əsərinin çapa hazırlanması və nəşri haqqında məlumat verilib. Akademik İsa Həbibbəyli Mahmud Kaşğarinin Türk dünyasının dahi şəxsiyyəti olmaqla yanaşı, bütün dünyada tanınan, həmişəyaşar alimlərdən olduğunu vurğulayıb.
AMEA prezidenti qeyd edib ki, Mahmud Kaşğarinin müəllifi olduğu, türk dünyasının ilk ensiklopedik əsəri olan “Divani lüğət-it-türk” türkcənin bizə məlum ən qədim lüğətidir, qiymətli və əhəmiyyətli topludur. Kitabın ərəblərin türk dilini öyrənməsi üçün yazıldığını deyən akademik İsa Həbibbəyli lüğətin hikmətli sözlər, atalar sözləri, şeir, nəsr kimi nümunələrlə zəngin olduğunu diqqətə çatdırıb. O, ərəb dilinin lüğət qaydalarına uyğun yazılmış, səkkiz bölmədən ibarət bu mükəmməl əsərin XI əsrdə söz varlığının genişliyini, müxtəlifliyini nümayiş etdirməklə yanaşı, həm də o dövrdə insan və cəmiyyət həyatı ilə, türklərin maddi və mənəvi mədəniyyəti ilə bağlı maraqlı qeydləri özündə cəmləşdirdiyini bildirib.
Sovet hakimiyyəti illərində bu əsərin ilk dəfə özbək dilinə tərcümə olunduğunu söyləyən AMEA rəhbəri “Divani lüğət-it-türk”ün dilimizə özbək əsilli tədqiqatçı Xalid Səid Xocayev tərəfindən tərcümə edildiyini, lakin 1937-ci ildə onun günahsız ittiham olunaraq həbs edilməsindən sonra divanın 1500 səhifəlik əlyazmasının indiyədək aşkara çıxarılmadığını diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli uzun axtarışlardan sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Xalid Səid Xocayevin tərcüməsinin ilk dəfə olaraq aşkar edildiyini və üzərində müvafiq transliterasiya və mətnşünaslıq işi aparıldıqdan sonra kitabın nəşrə hazırlandığını bildirib.
Daha sonra AMEA-nın Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxış edərək nəşrə hazırlanan Xalid Səid Xocayevin Azərbaycan dilinə tərcümə etdiyi Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” əsəri barədə məlumat verib. O, Akademiyada ərsəyə gələn “Divani lüğət-it-türk” əsərinin indiyədək nəşr olunmuş nüsxələrdən əhatəliliyi ilə seçiləcəyini və müqayisəli şəkildə hazırlanacağını diqqətə çatdırıb.
Müzakirələrdə AMEA-nın birinci vitse-prezidenti akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev, AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva sual və təkliflərlə çıxış ediblər.
İclasda repressiya qurbanı olmuş Xalid Səid Xocayevin Azərbaycan dilinə tərcümə etdiyi Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” əsərinin çapa hazırlanması və nəşrinin təmin edilməsi qərara alınıb.
Tədbirdə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyə Cümhuriyyətinin Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Əlaqələndirmə Mərkəzinin yaradılması məsələsi müzakirə olunub və müvafiq qərar qəbul olunub.
Akademik İsa Həbibbəyli son illərdə Azərbaycan və Türkiyə arasında digər sahələrdə olduğu kimi, elm sahəsində də əməkdaşlığın yüksək templə inkişaf etdiyini vurğulayıb. AMEA prezidenti qardaş ölkənin elmi təşkilatları ilə mövcud əlaqələrin daha da sıx şəkildə davam etdirilməsinin əhəmiyyətini, qarşılıqlı elmi əlaqələrin bundan sonra da genişləndiriləcəyinə, qısa müddətdə gözlənilən nəticələrin alınacağına əminliyini bildirib. O, TÜBİTAK-ın Əlaqələndirmə Mərkəzinin yaradılmasının səmərəli elmi nəticələrin əldə olunması baxımından önəmini qeyd edib.
AMEA rəhbəri bu əməkdaşlıqdan hər iki ölkə alimlərinin faydalanacağına və elmimizin dünya elminə daha sürətlə inteqrasiya olunmasına imkan verəcəyinə inamını ifadə edib.
Rəyasət Heyətinin iclasında, həmçinin AMEA-da əmək intizamı ilə bağlı məsələ də müzakirə edilib.

Tehsil-press.az



Oxşar xəbərlər