AMEA-da islahatların yeni mərhələsinə start verilib

AMEA-da islahatların yeni mərhələsinə start verilib “Heydər Əliyev İli” çərçivəsində AMEA-da geniş elmi tədqiqatlar aparılıb, mühüm tədbirlər həyata keçirilib.
Bunu Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli söyləyib. AMEA-da aparılan islahatlar nəticəsində elektron hərəkatın geniş vüsət aldığını, əhəmiyyətli nəticələr əldə olunduğunu bildirən akademik bugünkü iclasın həmin islahatların davam etdirilməsi məsələlərinə həsr olunduğunu və bununla da AMEA-da islahatların yeni mərhələsinin başlandığını söyləyib.
Sonra AMEA rəhbəri Türkiyəyə səfərinin nəticələrindən danışıb. O, ilk dəfə olaraq bu il “Türk dilinə xidmət” mükafatının görkəmli alimlərlə yanaşı, Türk dünyasında önəmli yeri ilə fərqlənən dövlət təşkilatlarına və elmi qurumlara da verildiyini nəzərə çatdırıb. O, AMEA-nın Türkiyə Cümhuriyyətinin Atatürk, Kültür, Dil və Tarix Yüksək Qurumunun “Türk dilinə xidmət” mükafatı ilə təltif edildiyini xatırladıb. Diqqətə çatdırıb ki, bu mükafat Azərbaycan Milli Elmlər Akademiyasının müstəqillik illərində təltif olunduğu ilk beynəlxalq mükafatdır. Türk dünyasının humanitar elmlər sahəsindəki ilk mükafatına AMEA-nın layiq görülməsini təqdirəlayiq hadisədir.
Akademik səfər çərçivəsində Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) rəhbəri professor Hasan Mandalla görüş zamanı AMEA ilə TÜBİTAK arasındakı əlaqələrin müasir vəziyyətinin və inkişaf perspektivlərinin müzakirə olunduğunu diqqətə çatdırıb. Həmçinin TÜBİTAK-ın ULAKBİM – Dərgi Parkı İnstitutu ilə AMEA arasında əlaqələrin genişləndirildiyini bildirib. Qeyd edib ki, 2024-cü ildə iki qurum arasında ULAKBİM layihəsi ilə yanaşı, süni intellekt, ortaq elmi layihələrin qarşılıqlı surətdə dəstəklənməsi, seysmologiya, arxeologiya, karbon-14 analizlərinin aparılması istiqamətlərində əməkdaşlıq əlaqələrinin qurulması nəzərdə tutulur. Bildirib ki, genişlənməkdə olan əlaqələrin daha səmərəli şəkildə həyata keçirilməsi üçün AMEA-da TÜBİTAK-ın Koordinasiya Mərkəzinin yaradılmasına dair razılıq əldə olunub.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli səfər çərçivəsində Türkiyə Elmlər Akademiyası Baş Assambleyasının Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş açılış iclasında da iştirak edərək “Azərbaycan və Türkiyənin inkişafında “Bir millət – iki dövlət” modeli” mövzusunda məruzə ilə çıxış etdiyini diqqətə çatdırıb.
AMEA-nın Asiyanın elmi qurumları ilə əlaqələrindən də danışan akademik İsa Həbibbəyli Türkiyəyə səfəri çərçivəsində Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Birliyinin prezidenti, professor Əhməd Nuri Yurdusev ilə görüşdüyünü vurğulayıb. Bildirib ki, görüşdə AMEA-nın 2024-cü ildə Malayziya və Sinqapur akademiyaları ilə əlaqələrinin qurulmasına dair fikir mübadiləsi aparılıb.
Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin və AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyevin Honq-Konqda yerləşən Kore Akademiyasına həqiqi üzv seçilmələri barədə məlumat diqqətə çatdırılıb. Akademik İsa Həbibbəyli Azərbaycan alimlərinin dünyanın nüfuzlu akademiyalarından biri olan Kore Akademiyasına həqiqi üzv seçilməsini AMEA tarixində əhəmiyyətli hadisə kimi qiymətləndirib.
AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev Niderland Krallığının Amsterdam şəhərinə səfərinin nəticələri haqqında məlumat verib. O, nüfuzlu GEANT təşkilatının Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” layihəsi çərçivəsində keçirilən tədbirlərdə iştirak etdiyini söyləyib. Alim çıxışında Azərbaycanın tərəfdaşı olduğu, Avropa Komissiyası tərəfindən təqdim olunan qrant layihəsinin əhəmiyyətindən bəhs edib, həmçinin iştirak etdiyi tədbirlərdə Azərbaycan elm-kompüter şəbəkəsinin idarə olunması məsələləri ilə bağlı müzakirələrin aparıldığını diqqətə çatdırıb.
Tədbirdə Azərbaycanda böyük elmi məktəblər yaratmış görkəmli alimlərimiz – akademiklər Arif Paşayevin və Akif Əlizadənin 90 illik yubileylərinin, AMEA-nın müxbir üzvü Övsət Abdinovun isə 80 illik yubileyinin keçirilməsinə dair qərarlar qəbul olunub.
Sonda AMEA-nın noyabrın 29-da keçirilmiş Ümumi yığıncağında Elm Tarixi İnstitutunun, AMEA-nın nəzdində “Elm və Texnologiya Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin, AMEA-nın Mərkəzi Nəbatat Bağının, AMEA-nın Təmir-tikinti və quraşdırma idarəsinin, AMEA-nın təsərrüfat hesablı Avtobazasının, AMEA-nın Mineral Xammalın Kompleks Emalı üzrə Təcrübə İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Bürosunun və AMEA-nın “Selen” Elmi İstehsalat Birliyinin ləğv edilməsinin rəsmiləşdirilməsinin başa çatdırılması haqqında qərarından irəli gələn məsələlər müzakirə edilib, bu məqsədlə müvafiq komissiyalar yaradılıb.

Tehsil-press.az


Oxşar xəbərlər