Xəzər Universitetinin əcnəbi tələbələri BNTİ-nin təhsil proqramı əsasında təcrübə keçəcəklər

Xəzər Universitetinin əcnəbi tələbələri BNTİ-nin təhsil proqramı əsasında təcrübə keçəcəklər Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlının başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Dubna şəhərində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) olub.
Universitetin Fizika və elektronika departamentinin müdiri Fəridə Tatardar və biotibbi, tibbi-kimyəvi sahə üzrə professor, tədqiqat qrupunun rəhbəri Südabə Davaranın daxil olduğu nümayəndə heyəti BNTİ-nin rəhbərliyi ilə görüşüb. Tərəflər Azərbaycan və BNTİ arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində perspektivləri müzakirə ediblər. Görüşdə BNTİ-nin direktoru Qriqori Trublikov, direktor müavinləri Sergey Dmitriyev və Lçezar Kostov və başqaları iştirak ediblər.
Nüvə problemləri laboratoriyasında keçirilən seminarda isə Xəzər Universitetinin fəaliyyətinin əsas istiqamətləri və elmi-tədqiqat işləri barədə məlumat verilib. Universitetin dünya miqyasında elm və təhsil sahəsində beynəlxalq əlaqələrinin kifayət qədər genişləndirildiyi qeyd olunub. Müzakirə zamanı Xəzər Universitetinin BNTİ ilə əlaqələrinin möhkəmləndirilməsi məsələsi də gündəmə gəlib. Qərara alınıb ki, Xəzər Universitetində təhsil alan müxtəlif ölkələrin tələbələri BNTİ-nin təhsil proqramı əsasında təcrübə keçsinlər. Xəzər Universitetinin nümayəndələri də öz çıxışlarında BNTİ-nin alimlərinin tədris prosesinə cəlb olunmalarının bütövlükdə elmi nailiyyətlərə yiyələnməkdə əhəmiyyətli olacağını nəzərə çatdırıblar. Hamlet İsaxanlı vurğulayıb ki, əsas məqsəd Azərbaycanın elm ocaqları ilə BNTİ arasında elmi əlaqələrin möhkəmləndirilməsidir.
“Bizim üçün Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun yeddi laboratoriyasında öyrənilən bütün sahələr önəmlidir. Bu gün biz kifayət qədər qarşılıqlı əlaqələr kontekstində konkret planları müzakirə etdik və bu prinsipə uyğun olaraq öz layihələrimizi birlikdə həyata keçirəcəyik”, - deyə H.İsaxanlı bildirib.
Yaxın gələcəkdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun aparıcı alimləri ilə Bakı şəhərində konfrans və seminarların, tələbələrlə görüşlərin keçiriləcəyi də gözlənilir.
Görüş çərçivəsində Xəzər Universitetinin nümayəndələri BNTİ-nin elmi infrastrukturu, laboratoriyaları ilə yaxından tanış olmaq imkanı qazanıblar. Onlar BNTİ-nin Tədris-Elm Mərkəzində mütəxəssis hazırlığı məsələsini də müzakirə ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər