Ali təhsil müəssisəsində ilk dəfə olaraq mobil rabitə laboratoriyası 

Ali təhsil müəssisəsində ilk dəfə olaraq mobil rabitə laboratoriyası  Azərbaycan Texniki Universitetində müasir texnikalarla təmin olunan GSM laboratoriyasının açılışı olub. “Azerfon” MMC və Azərbaycan Texniki Universiteti arasında imzalanmış birgə fəaliyyət müqaviləsi çərçivəsində istifadəyə verilən laboratoriyanın açılışında AzTU-nun rektoru, professor Havar Məmmədov, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov, Nar Mobile şirkətinin şəbəkə istismarı üzrə direktoru Şükür Məmmədov, eləcə də universitetin müəllim və tələbə heyəti iştirak edib. 
Universitet rəhbərliyi və qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül qoyaraq xatirəsini ehtiramla yad ediblər. Rektor Havar Məmmədov ümummilli liderin təhsilə göstərdiyi diqqətdən danışıb. 
Sonra laboratoriyanın təntənəli açılışı olub. Rektor AzTU GSM laboratoriyasının istifadəyə verilməsini tarixi hadisə kimi qiymətləndirib. Professor Havar Məmmədov laboratoriyanın tələbələrə birbaşa istehsalla tanış olmaq, peşənin sirlərini əyani olaraq öyrənmək imkanı verdiyini deyib. Qeyd edib ki, bu laboratoriya tələbələrimizə GSM avadanlığının istismarı, daxili GSM şəbəkəsinin yaradılması və ona nəzarət kimi xüsusi biliklərə yiyələnmək fürsəti verəcək.
Qonaqlar, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov və Nar Mobile şirkətinin şəbəkə istismarı üzrə direktoru Şükür Məmmədov isə qürurla bir vaxtlar Texniki Universitetin tələbəsi olduqlarını xatırladıblar. Nazir müavini universitetdə yaradılan şəraitin ən yüksək şəkildə bilik əldə etməyə imkan verdiyini bildirib. 
Daha sonra laboratoriyadan əyani olaraq istifadə edilib. Şəbəkə istismarı üzrə mütəxəssislər laboratoriyadakı avadanlıqlar vasitəsi ilə iki mobil telefonun bir-biri ilə lokal şəbəkə vasitəsi ilə əlaqəsini qurub. Rektor Havar Məmmədov Nar Mobile əməkdaşları ilə ilk telefon əlaqəsini həyata keçirib. 
Fəaliyyət planına əsasən həmçinin “Nar” mobil operatorunun peşəkar texniki işçi heyəti tələbələr üçün təlim kurslarının və seminarların keçirilməsini də təmin edəcək. Təlimlərdə fərqlənən tələbələrə müxtəlif mükafatlar, təqaüdlər veriləcək və həmin tələbələr içərisində fərqlənənlər gələcəkdə “Azerfon” MMC şirkətində işləmək imkanı qazanacaqlar. 

tehsil-press.az

Oxşar xəbərlər