Rusiya mediası yeni Nostradamus tapıb: Jirinovski.
Nə vaxt dünyada nəsə qlobal bir siyasi hadisə (müharibə, çevriliş, separatçı üsyan, sui-qəsd, seçki sürprizi-filan) baş verirsə, rus jurnalistlər üz tuturlar Volfoviçin müsahibələrinə, çıxışlarına və orada uyğun gələn “proqnoz” tapırlar.
Mərhum “liberal” sağlığında hər mövzuya, türkün sözü, maydonoz (cəfəri-petruşka) olduğu üçün mütləq o mövzularda gələcəyə dair fikirlər səsləndirib. Təbii ki, gələcəyə dair çox danışan adamların beş sözü düz çıxmasa da, 1-2-si düz çıxır. Rusiyalı qəzetçilər də Jirinovskinin o doğru çıxan sözlərini iqtibas edirlər, adam gözümüzün qabağındaca “peyğəmbər”ə çevrilir.
Heç demə, o, illər öncə müsahibələrinin birində İranın 2024-cü ildə İsrailə raket zərbələri endirəcəyini deyibmiş. Bax, gördünüzmü, aprelin 14-də adamın proqnozu necə doğruldu. İran İsrailə ballistik raket atdı, hələ dron da göndərdi. Əgər o dronlar İraqda işıq tellərinə ilişməsəydi, hədəfə çatacaqdı.
Yaxşı, Jirinovskininin “proqnoz”unun mabədi də vardı axı, demişdi ki, İsrail
buna cavab olaraq nüvə silahından istifadə edəcək və Yaxın Şərqdə III dünya müharibəsi başlanacaq.
Bə, nə oldu? İsrail nəinki İrana nüvə başlıqlı raket atmadı, heç adi raket də göndərmədi və III dünya müharibəsi başlanmadı. Hərçənd bilmək olmaz, hələ il yarı olmayıb, necə deyərlər, ağa durur, Ağacan durur, bəlkə İsrail və İran siyasətçiləri Jirinovskinin proqnozunu doğrultmaq üçün yenə nəsə bir zibil qaynadacaqlar.
Daha sonra rus jurnalistlər qeyd edirlər ki, Jirinovski 2012-ci ildə Ukraynada inqilab olacağını, prezident Viktor Yanukoviçin devriləcəyini öncədən deyibmiş. Aradan iki il keçməmiş elə də oldu, amma bunu çox adam bilirdi – xüsusilə də Yanukoviçi devirmək üçün Kreşşatikdəki Maydana toplaşan on minlərlə etirazçı məqsədyönlü şəkildə əlləşirdilər ki, Yanukoviç prezidentlikdən yanıq qalsın.
Bununla belə, Jirinovskinin 21-ci əsrin əvvəlində tezliklə qaradərili bir adamın ABŞ prezidenti olacağı barədə verdiyi proqnozun haqqını vermək lazımdır. O proqnozdan 5-6 il sonra qaradərili Barak Obama ABŞ prezidenti seçildi.
RLDP sədrinin bu proqnozunun düz çıxan hissələri də vardı, düz çıxmayan yerləri də. Məsələn, o demişdi ki, həmin qaradərili prezident müsəlman olacaq. Doğrudan da Obamanın atası Keniya müsəlmanıydı, adı da Hüseyn idi. Ancaq yeni prezidentin təkayaqlı və homoseksual olacağı barədə proqnoz düz çıxmadı. Düzdür, ikinci məsələni dəqiq bilmək olmaz, amma Obamanın ayağının ikisi də yerindəydi.
Jirinovskinin belə proqnozları onun hər hansı bir Tanrı vergisindən, ekstrasens qabiliyyətindən və ya güclü fəhmindən irəli gəlmirdi, adam savadlıydı, özünə görə ağlı, fantaziyası, çox adamın bilmədiyi məxfi informasiyala çıxışı da vardı, tendensiyaları görür, analiz aparırdı.
Məsələn, ABŞ-da qaradərili prezidentin seçiləcəyi rəyinə o, təxminən belə gəlmişdi. Bundan əvvəl ABŞ-da qaradərili siyasətçilərin yüksəlişi başlanmışdı. Onlar senator, konqresmen, federal prokuror, nazir vəzifəsinə seçilir, təyin olunurdular. Qaradərili Kolin Pauel ABŞ-ın dövlət katibi olmuşdu, sonra bu vəzifəyə qaradərili Kondoliza Rays təyin edilmişdi. Növbəti mərhələdə siyasi konyukturaya görə o qaradərililərdən biri ABŞ prezidenti postunda oturmalıydı. Volfoviç bunu bilirdi. Amma cinsi azlıqların nümayəndəsinin böyük dövlət vəzifəsinə seçilməsi məsələsində o, ünvanı yüz faiz səhv salıb. Bu mübarək iş Avropada, konkret olaraq Fransada baş verdi.
Başqa sözlə, siyasətə aid proqnozlarının doğrulması üçün falçı və ya ekstrasens olmaq lazım deyil, savadlı politoloq olmaq, tarixi, yaşanmış presedentləri, konyuktura və tendensiyaları (babat intellektual cümlə alındı) bilmək lazımdır.
Bizim Zirəddin də başını hərdən başlara qoşulub siyasi proqnozlar verir, amma hamısı fıs çıxır deyə tezcənə qayıdıb deyir ki, dəhşətli zəlzələ olacaq. Bu isə elə şeydir ki, hər gün dünyanın hər tərəfində, onlarla ölkədə olur – 2-3 baldan 5-6 bala qədər. Zəlzələnin dəhşətli olması məsələsi isə balından çox, çılçırağın necə yellənməsindən asılıdır, o, tərpəndisə hamı dəhşətə gəlir. 24 il qabaq Bakıda bir dəfə çilçıraq tərpənmişdi, divarlar çatırtı səsi vermişdi, amma ölən olmamışdı, budur, əsrin dörddə biri qədərdir ki, hamı o “dəhşətli zəlzələ”dən danışır.
Məndən sizə tövsiyə: istənilən proqnoz verən adamın təhsilinə, savadına baxın. Bisavad, təhsilsiz adam ağıllı və dürüst proqnoz verə bilməz. Bu, elmi işdir. Hər bir proqnoz elmə, elmi təhlilə əsaslanmalıdır. Gerisi əfsanədir.
Bizdə bir proqnozçu ziyalı var, onun haqqında betonlaşmış qənaət var ki, kişinin dedikləri düz çıxır. Amma bunun sirri üzdədir. Tutaq ki, biri “Qarabağ”ın növbəti oyununa dair 3 cür proqnoz verir: 1. Udacaq; 2. Heç-heçə edəcək; 3. Uduzacaq.
Bu üç proqnozdan biri düz gəlməlidir axı. Gəlir. Hamı da deyir, bəy futbol bilicisidir. O ziyalı da təxminən elə şeylər deyir.
Jirinovski də eləydi. Çox danışırdı, çox proqnoz verirdi. Ona görə də indi Nostradamusu üstələmiş duruma gəlib.
Tehsil-press.az