“Boğazından yapışıb soruşmaq lazımdır...”

“Boğazından yapışıb soruşmaq lazımdır...” “Piri babanın nağılını danışırlar - qışda qar, yayda cəhənnəm istisi, payızda yağış-leysan olacaq. Cəlal Şengör desin görək, zəlzələ hansı tarixdə olacaq. Zəlzələnin proqnozunu verən idinsə, Kahramanmaraşda insanları təxliyə edərdin. Gəlib mütəxəssislərin qarşısında proqnoz versin, ona sual verim, zəlzələnin hansı parametrlərlə və nə zaman olacağını söyləsin”.
Bu sözləri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bir müddət öncə Bakıda səfərdə ikən Azərbaycanda 7.5 bal gücündə zəlzələ olacağını söyləyən türkiyəli məşhur geoloq Cəlal Şengörün fikirlərinə münasibət bildirərəkən deyib.
Yetirmişli qeyd edib ki, Alp dağlarından tutmuş Himalay dağlarına qədər böyük bir seysmik qurşaq keçir. Gürcüstan, Ermənistan, İran, Türkiyə seysmik bölgədir və bu ərazilərdə zəlzələr də olmalıdır: “Azərbaycanın elə nöqtəsi varmı ki, orda yeraltı təkan baş verməsin? Əlbəttə, ölkəmiz aktiv bölgədir, hər gün hiss olunmayan zəlzələlər baş verir.
Özlərini tanıtmaqdan, şou yaratmaqdan ötrü populist çıxışlar edirlər. Dünyanın hər yerində o cür "professorlar" var. Boğazından yapışıb soruşmaq lazımdır ki, proqnoz verirsən, dəqiq günlərini göstər, biz də əhalini təxliyə edək. Türkiyədə 30 seysmoloq tanıyıram, Cəlal Şengör adında birini eşitməmişəm. Geoloqdursa, çəkic götürsün, çuxur qazsın, sonra versin laboratoriyaya... Ay geoloq, sənin zəlzələ ilə nə işin var? İstanbuldan gəlmir, istəyir Aydan gəlsin, amma sübut eləsin”.
Xatırladaq ki, Cəlal Şengör İspaniyadan başlayıb Çinə qədər uzanan ərazilərin seysmik aktiv zonalar olduğunu və ona görə də Azərbaycanda hər an zəlzələ baş verə biləcəyini deyib: “Zəlzələnin maqnitudasının isə 7.5 bala qədər olma ehtimalı var”.

Tehsil-press.az





Oxşar xəbərlər