Tokayevin İrəvan səfərinin PƏRDƏARXASI – Türk dövlətindən Azərbaycana qarşı…

Tokayevin İrəvan səfərinin PƏRDƏARXASI – Türk dövlətindən Azərbaycana qarşı… Son zamanlar Qazaxıstan və Ermənistan arasında yaxınlaşma müşahidə edilir. Qazaxıstan xarici işlər nazirindən sonra Prezident Kasım-Jomart Tokayevin İrəvana səfəri müəyyən nüanslarla yadda qaldı. Tokayev Astananın Bakı-İrəvan danışıqlarında platforma rolunu oynayacağını, Ermənistanı regionda sülhə inandıra biləcəyini söyləyib.

Astana sülh müqaviləsinin imzalanması üçün Bakı ilə İrəvan arasında körpü rolunu oynaya, platforma ola bilərmi? Qazaxıstan və Ermənistanı yaxınlaşdıran nələrdir?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev mövzu ilə bağlı bildirib ki, Qazaxıstan və Ermənistan həm Müstəqil Dövlətlər Birliyinin (MDB), həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür.

Deputatın sözlərinə görə, bu ölkələrin bir-birilə münasibətdə olması, qarşılıqlı protokolların imzalanması, səfərlərin edilməsi təəccüblü deyil: “Prezident Kasım-Jomart Tokayev öz açıqlamasında Azərbaycanla bağlı bir sıra məqamlara toxunub. Sülhün bərqərar olması istiqamətində yeni bir platformanın yaranması, vasitəçilik missiyasının həyata keçirilməsi yönündə fikirlər səsləndirib. Bundan başqa, özlərinin məhz Ermənistanla əlaqələrinin yaranması, nəqliyyat vasitələri üçün yeni hava məkanın istifadəsi, reyslərin açılması məlumdur. İqtisadi-siyasi məsələlərin həllində müqavilənin imzalanması ilə bağlı anons da verilib. Bir türk dövlətindən Azərbaycana qarşı hansısa addım axtarmaq düzgün olmazdı. Qarabağın azad edilməsindən sonra bir türk dövlətinin Ermənistanla bu qədər yaxınlaşması təhlükəli qarşılanmamalıdır. Çünki hər dövlətin öz xarici və dönməz siyasəti var. Atılan addımlar da məhz bu istiqamətdədir. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün Tokayevin fikir və təkliflərinə gəlincə, düşünürəm ki, bunlar növbəti mərhələdə danışıqlar üçün istifadə ediləcək”.

Millət vəkili qeyd edib ki, Qazaxıstanla Ermənistan arasında münasibətlər Azərbaycana ciddi təsir göstərə bilməz: “Azərbaycanla Qazaxıstan Türk Dövlətləri Təşkilatının üzvüdürlər. Burada da bizim ümumi məramımız, məqsədimiz, qarşılıqlı şəkildə ərazilərimizi tanımağımız məsələsi var. Addımlar yalnız müsbət istiqamətdə atıla bilər. Əsas məqsəd Cənubi Qafqazda sabitliyin, sülhün bərqərar olmasıdır. Bu yöndə Qazaxıstanın da təşəbbüs göstərməsi bizim üçün məqbuldur”.

Politoloq İlyas Hüseynov söyləyib ki, Astana Bakı və İrəvan arasında sülhü təşviq etməkdə maraqlıdır: “Qazaxıstan-Ermənistan münasibətləri həm də nəqliyyat və enerji sahələrini əhatə edir. Astana bu layihələrin həyata keçirilməsində, Cənubi Qafqazda kommunikasiya xətlərinin açılmasında maraqlıdır. Bu xüsusda Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən Tokayev bu yaxınlarda Bakıya da səfər etmişdi. Nəticələr yaxşı oldu. Qazaxıstan ərazisindən keçməklə ölkəmizə gələn konteynerlər nəqliyyat daşımasının potensialını ortaya qoydu. Nəqliyyat bağlantılarının gələcəyi ilə bağlı mühüm nəticələrin olacağı vəd edildi. Tokayev həm də Azərbaycanla Ermənistan arasında sülhün dayanıqlılığının formalaşmasında maraqlıdır. Bu, onu deməyə əsas verir ki, növbəti dövrdə hər iki ölkənin xarici işlər nazirliklərinin nümayəndələri və ölkə başçıları arasında görüş keçirilə bilər. Bu, mühüm bir mərhələni təşkil etməklə yanaşı, çoxtərəfli münasibətlərdə yeni səhifəni formalaşdırır”.

Hərbi ekspert Ədalət Verdiyev isə açıqlamasında bu ilin yanvar ayında Qazaxıstan və Ermənistan arasında müdafiə sahəsində əməkdaşlıq planının imzalanmasına da diqqət çəkib.

O bildirib ki, Qazaxıstanın Ermənistanla imzaladığı hər hansı sənəd heç bir halda Azərbaycanın dövlət və milli maraqlarına yönələ bilməz: “Qazaxıstan hazırda Rusiya, Ermənistan, Çin, Gürcüstan və Avropa İttifaqı (Aİ) ilə münasibətlərini balanslaşdırılmış bir şəkildə davam etdirir. Tokayev Bakıya da səfər etmişdi. Bu zaman Cənubi Qafqaz və regiondakı vəziyyət müzakirə olunmuşdu. Qazaxıstan Prezidentinin İrəvana səfəri ehtimal ki, Azərbaycan-Ermənistan münasibətləri, İrəvanın işğal siyasətinə son qoyması, Zəngəzur dəhlizinin açılması ilə bağlı olub. Gürcüstan, Çin, Rusiya və Türkiyə sözügedən dəhlizin açılmasında maraqlıdır. Bu görüş müdafiə sənayesi sahəsində əməkdaşlıqdan daha çox rəmzi bir məna daşıyır. Hər bir halda Qazaxıstan özü silah idxal edən bir ölkədir. Bu səbəbdən Ermənistana silah verməsi mümkün deyil”.

Tehsil-press.az

Oxşar xəbərlər