ADNSU-da Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

ADNSU-da Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib Mayın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ADNSU-nun rektor əvəzi, YAP İdarə heyətinin üzvü, dosent Vazeh Əskərov, universitetin professor-müəllim heyəti və tələbələrlə yanaşı, qonaqlar - millət vəkili, YAP İdarə heyətinin üzvü, tarix elmləri doktoru, professor Anar İsgəndərov, millət vəkili Aydın Mirzəzadə və YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov da iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyub, xatirəsini dərin ehtiramla yad ediblər.

Universitetin Akt zalında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov Ulu Öndər Heydər Əliyevin ictimai-siyası, sosial, iqtisadi, elmi-mədəni sahələrdəki fəaliyyətindən, zəngin və şərəfli həyat yolundan, xilaskarlıq missiyasından, eləcə də dövlətçiliyimiz tarixində müstəsna xidmətlərindən söz açıb. O bildirib ki, dahi şəxsiyyət xalqımızı tarixin ağır və sərt sınaqlarından çıxarıb, müasir Azərbaycanı, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı təməlini yaradıb. Dosent Vazeh Əskərov diqqətə çatdırıb ki, ölkəmizlə bərabər, dünyanın ayrı-ayrı yerlərində yaşayan soydaşlarımız da bu gün Ulu Öndərin əziz xatirəsini böyük sevgi ilə yad edirlər və bu, dahi şəxsiyyətin xalqı, Vətəni üçün etdiyi əvəzsiz fədakarlığın nəticəsidir.

Millət vəkili, YAP İdarə heyətinin üzvü, tarix elmləri doktoru, professor Anar İsgəndərov çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixindəki xidmətlərini mərhələlərə bölərək təsnifatlaşdırıb. O, Ümummilli Lider Heydər Əliyevin istər 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi, istərsə də 1982-1987-ci illərdə SSRİ rəhbərliyində olduğu dövrdə Azərbaycan və azərbaycançılıq üçün misilsiz xidmətlərindən bəhs edib. Millət vəkili həmin illərdə Ulu Öndərin təhsil, mədəniyyətlə yanaşı, sənaye və iqtisadi sahədə apardığı islahatların müstəqil Azərbaycan Respbulikasının gələcək inkişafı üçün əlverişli zəmin yaratdığını vurğulayıb.

Millət vəkili Aydın Mirzəzadə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra dövlətin yenidən qurulmasından, əsaslı inkişaf stategiyasının müəyyən olunmasından və uğurlu gələcəyindən danışıb. O diqqətə çatdırıb ki, bu gün 101-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan xalqının Ümummilli Lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Tədbirdə Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında mərhum Xalq şairi Zəlimxan Yaqubun poemasının motivləri əsasında “Əbədiyyət dastanı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub, kompozisiya iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tehsil-press.az

Oxşar xəbərlər