Hansı banklar pensiyaçılara kredit verir?

Hansı banklar pensiyaçılara kredit verir? Ötən gün Maliyyə Bazarlarına Nəzarət Palatası kredit təşkilatları tərəfindən pensiyaçılara kreditlərin verilməsinin dayandırılması barədə qərar qəbul edib. Qərarın kredit təşkilatlarının aidiyyəti şəxslərinə göndərildiyi bildirilir.

Tehsil-press.az saytı olaraq məsələ ilə bağlı vəziyyətin hazırda nə yerdə olduğunu dəqiqləşdirmək üçün bir neçə bankla əlaqə saxladıq. “Bank of Baku” və “Bank Standart” artıq bir neçə aydır bütün növ kredit verilişinin dayandırıldığını dedilər.
“Unibank”dan isə bildirdilər ki, təqaüdçülərə kreditlər verilir, amma müəyyən şərtlər daxilində: “Bura pünsiyaçının təqaüdünün 200 manatdan az olmaması, təkrar müştəri olması, ödəniş edərkən hər hansı gecikməsinin olmaması və s şərtlər daxildir”. Bankdan onu da bildirdilər ki, onlara pensiyaçılara kreditlərin verilməsinin dayandırılması ilə bağlı rəsmi qadağa qoyulmayıb.
“Kapital Bank”dan isə artıq 2-3 gündür pensiyaçılara verilən kreditlərin dayandırıldığını bildirdilər. İqtisadçı ekspert Samir Əliyevin virtualaz.org-a bildirdiyinə görə, pensiyaçılara tətbiq edilən qadağa bütün banklara yox, bir neçə banka, xüsusilə də pensiyaların verilməsini həyata keçirən banka zərər vuracaq. Pensiyaçılarn isə kreditə əlçatanlığını məhdudlaşdıracaq: “Əslində bu sahədə müəyyən islahatların aparılmasına ehtiyac var idi. Çünki aylıq pensiyası bir neçə yüz manat olan və riskli kateqoriyaya daxil olan pensiyaçılara uzun müddətə iri məbləğdə (15 min manata qədər) kreditin verilməsi təhlükəli idi. Əlbəttə, pensiya kimi stabil olan və arxasında dövlət duran aylıq gəlir bu riskləri azaldır. Çünki pensiyaçının ixtisar olunmaq və ya iş yerinin bağlanması kimi riski yoxdur. Ən əsası isə vaxtlı-vaxtında bank hesabına oturur və bank onu problem çəkmədən hesabdan götürə bilir.
Düzdür, pensiyaçılardan kartı yığan banklar da var və bu qanunsuzdur. Burda yeganə təhlükə sağlamlıqla bağlıdır. O da aydındır ki, aylıq qazancını rəsmi təsdiq edə bilməyən ailə üzvləri üçün pensiyaçı ata-ana və ya baba-nənə kreditə çıxış imkanı idi. İndi bu imkan da bağlandı”.
S. Əliyev hesab edir ki, Palata pensiyaçılara verilən krediti məhdud da olsa bərpa etməlidir. Məhdudiyyət ilk növbədə kreditin məbləğində tətbiq edilməlidir. Bu məbləğ ən çoxu 5 min manat ola bilər. Kreditin verilmə müddətini 1-2 ilə qədər azaltmaq olar. Üstəgəl, banklar da öz növbəsində digər müştərilərlə müqayisədə pensiyaçılara verilən kreditlərin illik faiz dərəcələrini aşağı salmalıdır.
Qeyd edək ki, qadağanın hansı müddəti əhatə etdiyi məlum deyil. Qərarın qəbul olunmasına səbəb pensiyaçıların ödəniş qabiliyyətinin aşağı olması göstərilir. Hesab edilir ki, bu qərar problemli kreditlərin həcminin artmasının nisbətən qarşısını alacaq.
Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP)fins.az-a bildirilib ki, Azərbaycanda pensiyaçılara verilən kreditlərin verilməsi və onun nəticələri barədə məsələ MBNP-nin rəhbəri Rüfət Aslanlı ilə bank rəhbərlərinin görüşündə müzakirə edilib.

tehsil-press.az

Oxşar xəbərlər