Türk Dövlətləri Təşkilatının Baş katibi BDU-da

Türk Dövlətləri Təşkilatının Baş katibi BDU-da Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Bakı Dövlət Universitetinin qonağı olub. BDU ilə tanış olan qonaq BDU-nun professor-müəllim heyəti ilə görüşüb.

Qonağı salamlayan BDU rektoru Elçin Babayev qeyd edib ki, hazırda Türk dünyası tarixdə heç vaxt olmadığı qədər güclüdür. Türk dövlətləri iqtisadi, siyasi, sosial, mədəni, hərbi sahələrdə günü-gündən güclənir. Bu sahələr içərisində elm-təhsil istiqaməti xüsusi önəm daşıyır. Türk Dövlətləri Təşkilatının alt qurumlarının uğurlu fəaliyyəti barədə məlumat verən Elçin Babayev bu gün öz işinə başlayan Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 7-ci Baş Assambleyasının iclasında Birliyin fəaliyyətinin yeni istiqamətdə qurulmasına dair ciddi müzakirələrin aparıldığını bildirib. O diqqətə çatdırıb ki, BDU TÜRKÜNİB-in tamhüquqlu üzvüdür. BDU Türk Universitetləri Birliyinin üzvü olan universitetlər ilə “Orhun” mübadilə proqramı çərçivəsində əməkdaşlığa da xüsusi önəm verir və bu proqrama qoşulub.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycanın ən böyük və qədim ali məktəbi olan BDU-ya səfərinin tanışlıq məqsədi daşıdığını deyib və Universitetin professor-müəllim heyəti ilə görüşdən məmnunluğunu bildirib.

Baş katib təşkilatın gördüyü işlər, gələcək fəaliyyət istiqamətləri, TÜRKÜNİB çərçivəsində əməkdaşlıq imkanlarından söz açıb. Qeyd edib ki, hazırda TDT-yə üzv ölkələrlə 30-dan artıq müxtəlif istiqamət üzrə əməkdaşlıq edilir. Bu əlaqələrin daha da inkişaf etdirilməsində elm-təhsil müəssisələrinin də üzərinə mühüm öhdəliklər düşür.

Tehsil-press.az

Oxşar xəbərlər