BDU-da elmi seminar: “Milli H-indeksi platforması”

BDU-da elmi seminar: “Milli H-indeksi platforması” Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində "Milli H-indeksi platforması” mövzusunda elmi seminar keçirilib.

Elmi seminarda BDU-nun Kitabxanaşünaslıq kafedrasının dosenti Pərviz Kazimi mövzu üzrə məruzə edib. Məruzəçi əvvəlcə indeksləşmə anlayışı barədə məlumat verib. Qeyd edib ki, bu platforma elmi jurnallar, məqalələr, müəlliflər, elm və təhsil müəssisələrinin indeksləşməsi, həmçinin reytinqlərin (H-index) və impakt faktorun (İF) müəyyənləşdirilməsi kimi mühüm istiqamətləri əhatə edir. Hazırda H-indeksinin reytinqlərin hesablanması məqsədilə bir keyfiyyət göstəricisi kimi tətbiq olunduğunu diqqətə çatdıran məruzəçi akademik məlumat bazaları ilə əməkdaşlıq imkanları və beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması məsələləri barədə mülahizələrini seminar iştirakçılarına təqdim edib.

Məruzədə elmi aktivliyin qiymətləndirilməsində tətbiq edilən bibliometrik metodlar şərh edilib, bu sahədə dünya təcrübəsi diqqətə çatdırılıb. Azərbaycan elmi informasiya məkanında bu metodların elmi üsullarla öyrənilməsi və təcrübəyə tətbiqi məsələləri izah olunub. Pərviz Kazimi bütün bunların qlobal informasiya mühitinin yaratdığı şəraitdə ali məktəblərin, elmi-tədqiqat mərkəzlərinin qarşısında duran prioritetlərdən biri olduğunu qeyd edib.

Araşdırmada H-indeksinə verilən tələblər, akademik bazaların arxivləndirmə və indeskləndirmə fəaliyyəti, qiymətləndirmə meyarları, onların tətbiq üsulları, elmi informasiyanın idarə olunması və səmərəliliyinin təhlili kimi aktual məsələlər şərh edilib. Elmin inkişafının ölkəmizdə dövlət siyasətinin prioritetlərindən olduğunu vurğulayan natiq milli H-indeksi platforması barədə statistik məlumatları diqqətə çatdırıb, ölkə alimlərinin bu sahədəki göstəricilərini təqdim edib, inkişaf dinamikasının real mənzərəsini faktlarla nümayiş etdirib.

Son illər BDU-nun bu sahədə böyük nailiyyətlər əldə etdiyini vurğulayan Pərviz Kazimi qeyd edib ki, “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, Universitetin Hirş indeksi 63-ə çatıb: “Bu göstərici ilə BDU Azərbaycan universitetləri arasında liderdir. Onu da qeyd edim ki, hər bir əsərə istinadların orta sayı da artaraq 8.04-ə yüksəlib”.

Tehsil-press.az

Oxşar xəbərlər