BDU-da “İnformasiya cəmiyyəti və kitabxanalar” mövzusunda müzakirələr aparılıb

BDU-da “İnformasiya cəmiyyəti və kitabxanalar” mövzusunda müzakirələr aparılıb Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “İnformasiya cəmiyyəti və kitabxanalar” mövzusunda elmi seminar keçirilib.
Elmi seminarda BDU-nun Kitabxanaşünaslıq kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Eldəniz Məmmədov mövzu ilə bağlı məruzə edib.
Məruzədə əvvəlcə “informasiya”, “informasiya cəmiyyəti” anlayışları şərh olunub. Tarixi xronologiyaya əsaslanmaqla informasiya inqilabları, informasiya cəmiyyəti quruculuğu və bütün bu proseslərdə kitabxanaların rolu izah edilib. İnformasiya cəmiyyətinin reallığı kimi meydana çıxan rəqəmsal, virtual, elektron və ağıllı (smart) kitabxanalar haqqında elmi təhlillər aparılıb. Məruzəçi bildirib ki, ənənəvi kitabxana mühitindən rəqəmsal kitabxanaya gedən inkişaf yolu sənəd-informasiya resursları ilə informasiya-kommunikasiya texnologiyalarının qarşılıqlı əlaqəsinin intensiv yüksəlişinin təzahürüdür. Ona görə də informasiya cəmiyyətində kitabxanaların qarşısında duran əsas vəzifə kitabxana xidmətini müasir tələblərə uyğunlaşdırmaq, ənənəvi kitabxana xidmətini elektron xidmətlə əvəz etməkdir: “Bu, ənənəvi kitabxana xidmətindən tamamilə imtina etmək deyil. Bu addım informasiya cəmiyyətinin tələblərinə uyğunlaşmaq, informasiyanın təhlükəsizliyi və əlçatanlığı baxımından olduqca vacibdir”.
Məruzədə, həmçinin informasiya cəmiyyətinin kitabxanaları üçün peşəkar kadr hazırlığının tələbləri barədə məlumat verilib, bu istiqamətdə innovativ elmi paradiqmalar diqqətə çatdırılıb. Qlobal informasiya mühitinin formalaşması şəraitində sahə üzrə kadr hazırlığına verilən tələblər, əmək bazarının rəqabətədavamlı mütəxəssislərlə təminatı sahəsində qarşıda duran vəzifələr konseptual şəkildə izah olunub.
Eldəniz Məmmədov BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin bu prosesdəki tarixi təcrübəsi və ənənələrini xüsusi vurğulayıb. Tədqiqatda, eyni zamanda, beynəlxalq təcrübəyə əsaslanmaqla informasiya cəmiyyəti quruculuğunda kitabxanaların aparıcı roluna dair müqayisəli təhlillər aparılıb, sahənin inkişafı ilə bağlı prioritetlər şərh olunub.

Tehsil-press.az



Oxşar xəbərlər