BDU-da “Fiziki məhdudiyyətli şəxslərə informasiya xidməti göstərilməsində veb-texnologiyaların rolu” mövzusunda müzakirələr aparılıb

BDU-da “Fiziki məhdudiyyətli şəxslərə informasiya xidməti göstərilməsində veb-texnologiyaların rolu” mövzusunda müzakirələr aparılıb Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Fiziki məhdudiyyətli şəxslərə informasiya xidməti göstərilməsində veb- texnologiyaların rolu” mövzusunda elmi seminar keçirilib.
Seminarda BDU-nun Kitabxanaşünaslıq kafedrasının dissertantı Fəridə Abdullazadə mövzu ilə bağlı məruzə edib. Məruzədə kompüter və şəbəkə texnologiyaları vasitəsilə fiziki məhdudiyyətli şəxslərin informasiya mənbələrinə çıxışının təmin edilməsi problemi şərh olunub. Bu sahədə müxtəlif ölkələrin təcrübəsindən danışılıb, müqayisəli təhlillər aparılıb. Fiziki məhdudiyyətli şəxslərin internet üzərindən informasiya resurslarına əlyetərliyinin təmin olunması üçün istifadə edilən köməkçi, assistiv texnologiyalar, onların tətbiqi və istifadə üsulları barədə ətraflı məlumat verilib. Qrafik masaüstü brauzerlər, mətn brauzerləri, səs brauzerləri, multimedia pleyerləri, plaginlər barədə informasiyalar diqqətə çatdırılıb. İnformasiya xidmətlərinə veb-texnologiyaların tətbiq edildiyi müasir şəraitdə informasiya xidmətlərinin göstərilməsində kitabxanaların bu kimi amilləri nəzərə almasının vacibliyi vurğulanıb.
Sonra məruzə ətrafında müzakirələr aparılıb. Dekan müavini Zahidə Rzayeva, kafedra müdirləri Elçin Əhmədov, Knyaz Aslan, Nadir İsmayılov, dosentlər Pərviz Kazımi, Rəşad Qardaşov, Xuraman Ağayeva fikirlərini bildiriblər.

Tehsil-press.az



Oxşar xəbərlər