Son bir ayda BDU-nun Hirş indeksi 57-dən 58-ə yüksəlib

Son bir ayda BDU-nun Hirş indeksi 57-dən 58-ə yüksəlib “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, son bir ayda Bakı Dövlət Universitetinin (BDU) Hirş indeksi artaraq 58 olub. Hər bir əsərə istinadların orta sayı isə 7.1-ə qədər yüksəlib.
İnterdisiplinarlılıq və multidisiplinarlılıq, fundamental və tətbiqi tədqiqatların nəticələrinin əlaqələndirilməsi, elm-təhsil-istehsalat inteqrasiyasının genişləndirilməsi, tədqiqat nəticələrinin tədris prosesinə daxil edilməsi, istehsalatda tətbiq edilməsi, təhsilalanların elmi-tədqiqat və innovasiya fəaliyyətinə intensiv olaraq cəlb edilməsi, ölkədaxili və xarici tərəfdaşlarla effektiv əməkdaşlıq BDU-da elmi-tədqiqat fəaliyyətinin təşkilinin əsas prinsipləridir.
Professor-müəllim heyətinin nəşr fəaliyyətinin göstəricilərinin yüksəldilməsi, xarici dillərdə nəşrlərin sayının və keyfiyyətinin artırılması, gənc tədqiqatçılara dünyanın aparıcı ölkələrinin elmi müəssisələrində araşdırmalar aparmaq üçün imkanların yaradılması, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, nüfuzlu xarici elmi mərkəzlərlə ortaq elmi-tədqiqat proqramlarının işlənilməsi, birgə tədqiqat laboratoriyalarının təşkili, beynəlxalq elmi layihələrdə BDU alimlərinin iştirakının təmin edilməsi fəaliyyətin əsas istiqamətlərindəndir.
Akademik heyət, habelə tələbə, magistrant və doktorantların inkişafına təkan verən elm-təhsil ekosistemi, beynəlxalq standartlara cavab verən və rəqabətədavamlı tədqiqatlar, respublikanın və xarici ölkələrin yüksək reytinqli ali məktəb və tədqiqat mərkəzləri, o cümlədən beynəlxalq elmi təşkilatlarla elm və innovasiyalar sahəsində mövcud olan sıx əlaqələr və intensiv təcrübə mübadiləsi BDU-da aparılan elmi tədqiqatların keyfiyyətinin yüksəlməsinə xidmət edir.
“Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorant və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 4130 elmi əsər nəşr edilib. Bu əsərlərə 29 minə yaxın istinad edilib.
2023-cü ilin ilk doqquz ayı ərzində “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən nəşr etdirilmiş 150 elmi əsərin 52 faizi (78 elmi əsər) Q1 və Q2, 48 faizi (72 elmi əsər) Q3 və Q4 kvartil kateqoriyalı jurnallarda dərc olunub. Cari ilin ilk 8 ayı ərzində bazaya daxil olan jurnallarda dərc olunmuş elmi əsərlərə 3900-dən çox istinad edilib.
Hirş indeksi, “Web of Science” bazasına daxil olan dərgilərdəki elmi əsərlərin və istinadların sayı ilə BDU Azərbaycan universitetləri arasında liderliyini qoruyur.

Tehsil-press.az



Oxşar xəbərlər