Ulu öndərin Azərbaycan təhsilinə bəxş etdiyi

Ulu öndərin Azərbaycan təhsilinə bəxş etdiyi Azərbaycan Memarlıq və İnşaat Universiteti 40 yaşını qeyd edir

Vətənimizin minilliklərin dərinliyinə gedən böyük tarixi var. Bu minilliklər ərzində xalqımız möhtəşəm maddi-mənəvi mədəniyyət formalaşdırıb, uzun əsrlər boyu əməyə, yaşayıb yaratmağa, tikib qurmağa olan həvəsinin nəticəsi kimi böyük mədəniyyət abidələri yaradıb, bəşəriyyətə bəxş edib. Əsrlər boyu daş yonub, kərpic kəsib tikinti aparmaqla AZƏRBAYCAN adlı bir dünyanı yaradıb yaşadan, “tikdim ki izim qala” amalı ilə milli memarlığı formalaşdıran xalqımız ictimai-iqtisadi formasiyaların hər birində zamanın tələbinə, həyatın çağırışına müdrikcəsinə yanaşıb, daşdan maddiləşmiş möhtəşəm yaddaş hifz edə bilib.
Artıq XI-XIII əsrlərdə Azərbaycanda memarlıq məktəbləri yaranırdı, Təbriz–Naxçıvan, Şirvan-Abşeron və Aran memarlıq məktəblərinin formalaşması Azərbaycan memarlığının ümumi inkişafını, bədii və konstruktiv zənginliyini, memarlıq və inşaat xüsusiyyətlərinin cilalanmasını təmin edirdi. Orta əsrlərə doğru inşaat işlərinin yerinə yetirilməsi üçün peşəkar qruplar, yaxud həmkar sexləri yaradılırdı, tikinti üçün zəruri olan sənət nümayəndələrini birləşdirən bu sexlər peşəkarlıq vərdişlərinin öyrənilməsini, şagirdlik qaydası ilə sənətin nəsildən-nəslə keçməsini, ustalığın mükəmməlləşməsini təmin edən təhsil qurumları idi. Zaman keçdikcə inşaat sənəti inkişaf edir, dövrün tələblərinə uyğun memarlıq növləri və nümunələriylə paralel inşaat texnikası sahəsində daha mütərəqqi üsullar yaranırdı.
XIX əsrin 80-ci illərindən başlayaraq ölkəmizdə sənayenin inkişafı fonunda texniki peşələrə marağın artması zamanın tələbinə çevrildi. Yeni dövrdə tikinti işlərinin miqyasının artması, yeni inşaat texnologiyalarının və materialların, daha mürəkkəb memarlıq kompozisiyalarının tətbiq edilməsi memar və inşaatçıların peşə hazırlığı qarşısında daha ciddi tələblər qoyurdu. Dövrün çağırışlarına cavab verə biləcək təhsil ocaqları olmadığı üçün Azərbaycanda həyata keçirilən böyük tikinti işlərinə əcnəbi mütəxəssislər cəlb edilirdi. XIX–XX əsrin əvvəllərində bu sahədə çalışan azsaylı azərbaycanlı memar və mühəndislər, əsasən, Rusiyanın universitetləri və akademiyalarında təhsil alanlar idi. Qasım bəy Hacıbababəyov, Zivər bəy Əhmədbəyov, Məmməd Həsən Hacınski, Məşədi Mirzəqafar İsmayılov və başqaları milli memarlıq və inşaat təhsilinin formalaşmasını arzulayır, öz yaradıcılıqları və ictimai fəaliyyəti ilə o günü yaxınlaşdırırdılar. Müvafiq tədris sahəsinin yaranmasına, yeni tipli ziyalı təbəqəsinin- milli mühəndis və texniki kadrların formalaşmasına, nəhayət, yüksək texniki təhsil verən məktəbin açılmasına doğru yeni bir yol başlayırdı.1880-ci ilin fevral ayının 19-da Bakıda sənət məktəbinin açılması barədə qərar qəbul edilməsi çoxdan gözlənilən ictimai-mədəni hadisə idi.
1920-ci ildə xalqmızın böyük ziyalısı Nəriman Nərimanovun imzaladığı 16 noyabr tarixli sərəncamı ilə Bakıda Politexnik İnstitutunun yaradılması və onun tərkibində inşaat mühəndisliyi ixtisası üzrə kadr hazırlığının başlanması isə Azərbaycanda memarlıq və inşaat təhsilinin əsasını qoydu. Həmin ildə institutun əsas fakültələrindən biri mühəndis-tikinti fakültəsi oldu. Mühəndis tikinti fakültəsi təşkil olunduğu gündən memarlıq, yol, liman və hidrotexnika ixtisasları üzrə mütəxəssis hazırlığına başladı. O ildən başlayaraq müxtəlif ali məktəblərin – Bakı Politexnik, Azərbaycan Sənaye İnstitutunun nəzdində fakültə olaraq tanındı, 1950-ci ildən isə Azərbaycan Politexnik İnstitutunda inşaat mühəndisləri hazırlayan fakültə kimi fəaliyyətini davam etdirdi.
1975-ci ildə xalqımızın ümümmilli lideri Heydər Əliyevin şəxsi təşəbbüsüylə Azərbaycan SSR Nazirlər Soveti ölkədə memarlıq, tikinti və iqtisadiyyatın digər sahələri üçün yüksək ixtisaslı kadrlar hazırlamaq məqsədi ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yaradılması haqqında qərar verdi. Bu qərara əsasən 1975-ci ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun 4 fakültəsi və bir neçə ixtisas kafedrasının bazası əsasında yaradılan Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (AzİMİ) müstəqil fəaliyyətə başladı. Universitetimizin tarixi ulu öndərin adıyla sıx bağlıdır. Gənc yaşlarından memarlığa böyük həvəs göstərən və ali təhsilini məhz memarlıq ixtisasında başlayan ümummilli lider bütün fəaliyyəti dövründə inşaat və quruculuq işlərinə önəm verib, irimiqyaslı şəhərsalma və tikinti layihələrinin həyata keçirilməsinə nail olub. Heydər Əliyev cənabları hələ keçən əsrin 70-ci illərində gələcəkdə Azərbaycanın iqtisadi müstəqilliyini təmin etmək məqsədiylə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, memarlıq və inşaat sahəsində də qurucu, yaradıcı kadrların hazırlanması üçün Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yaradılmasını vacib bilib. Heydər Əliyev sonralar da AzİMİ-yə qayğı göstərib, məhz onun tövsiyyələri sayəsində bu tədris ocağı illər ərzində böyük nailiyyətlərə imza atıb, bu günümüzə qədər böyük bir inkişaf yolu keçib. Az bir vaxtda yeni yaradılmış institutun maddi-texniki bazası qurulub, pedaqoji potensialı gücləndirilib, yeni ixtisaslar açılıb, memar və inşaat mühəndisi ixtisasının cəmiyyətdə nüfuzu artıb. Bu dövrdə AzİMİ tək Azərbaycan üçün deyil, bütün sovetlər ölkəsi və xarici ölkələr üçün də kadr hazırlayırdı.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra öz təhsil sisteminin də tam hüquqlu sahibinə çevrildi, 1995-ci ildən başlayaraq Azərbaycan təhsilində aparılan islahatlar AzİMİ-nin də fəaliyyətində böyük dəyişikliklər yaratdı, mütəxəssis hazırlığını yeniliklərlə zənginləşdirdi. 2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) adlandırılıldı.
Ümummilli lider Heydər Əliyevin davamçısı Prezident İlham Əliyevin AzMİU-nun maddi-texniki bazasının yaxşılaşdırılması, burada müasir təhsil şəraitinin yaradılması barədəki sərəncamları Universitetdə elmi-pedaqoji fəaliyyətin müasir tələblər səviyyəsində aparılması üçün işgüzar mühit yaradıb. Ötən dövr ərzində Universitetimiz 50 mindən artıq mütəxəssis yetişdirib. Onlar bu gün Azərbaycanın və bir çox xarici ölkələrin inşaat sektorunda çalışır, öz uğurlu quruculuq fəaliyyətləriylə bitirdikləri ali təhsil ocağının nüfuzunu artırırlar. Ölkəmizdə memarlıq və inşaat sahəsində əldə edilən böyük nailiyyətlər məhz onların əməyinin bəhrəsidir.
Azərbaycan Memarlıq və İnşaat Universiteti zəngin təhsil ənənələrinə, güclü intellektual və kadr potensialına malik təhsil ocağıdır. Son illər Universitetin maddi-texniki bazasını gücləndirmək məqsədiylə yeni laboratoriyalar açılıb, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün yeni forma və metodlar işlənib hazırlanıb, istehsalatla əlaqələr genişləndirilib. Öz işini təhsilin inkişafı üzrə Dövlət Strategiyasının tələbləri səviyyəsində həyata keçirən AzMİU səmərəli islahatlar vasitəsilə təhsil sistemini beynəlxalq standartlar səviyyəsinə çatdırmağı və Vətən üçün müasir səviyyəli mütəxəssis hazırlanmasını özünün prioritet vəzifəsi hesab edir. AzMİU-da hazırda bakalavr pilləsində 20 ixtisas, magistratura pilləsində 37 ixtisaslaşma üzrə kadr hazırlığı aparılır. 2015/16-cı tədris illərində Universitetin 8 fakültəsində bakalavr pilləsində 5967, magistratura pilləsində isə 449 tələbə öz təhsilini davam etdirir. Xarici vətəndaşların təhsili fakültəsində 14 ölkədən 620 gənc təhsil alır, doktoranturada 108 gənc mütəxəssis alimlik dərəcəsinə layiq görülmək üçün çalışır.
Avropa Kredit Transfer Sisteminin tələblərinə uyğun olaraq yeni dövlət standartları əsasında AzMİU-nun bütün ixtisasları üzrə tədris planları optimallaşdırılıb, auditoriya saatları normativə uyğunlaşdırılıb, həftəlik dərs yükü 24 saata qədər azaldılıb, kreditlərin sayı xeyli məhdudlaşdırılıb. 1977-ci ildə yaradılmış, hazırda fondunda 520 minədək ədəbiyyat olan kitabxanamızda ənənəvi və elektron kataloq yaradılıb, hər il abunə olunan 10 minədək elektron jurnal bazası formalaşdırılıb.
Tədris prosesinin effektli təşkili üçün laboratoriya bazasının vəziyyəti və informasiya texnologiyalarının geniş tətbiqi də böyük əhəmiyyət daşıyır. Ona görə də Universitetdə təcrübə və laboratoriya dərslərinin keçirilməsi üçün zəruri avadanlıqlarla təchiz edilmiş laboratoriya bazası yaradılıb. “Materiallar müqaviməti”, “Hidrotexniki qurğular və hidravlika”, “İnşaat materialları” və başqa kafedralar üçün yeni laboratoriya avadanlıqları alınıb və quraşdırılıb, bir neçə yeni kompüter otaqları yaradılıb.
İmtahanlarda qiymətləndirmənin təkmilləşdirilməsinə çalışırıq, imtahan sessiyalarının daha məsuliyyətli, eyni zamanda aşkarlıq və şəffaflıq şəraitində keçməsi üçün semestr imtahanlarının hamısını mərkəzləşdirilmiş şəkildə təşkil etmişik. İxtisas blokuna daxil olan fənlər üzrə imtahanların yazılı formada aparılması tələbələrin biliklərinin daha dərindən yoxlanılmasına şərait yaradır. Mühazirə kurslarının da yenidən işlənməsi və modernləşdirilməsi istiqamətində işlər aparırıq, İKT vasitələrindən istifadə etməklə mühazirə deyən müəllimlərin və ixtisaslaşmış auditoriyaların sayı artmaqdadır.
Müasir şəraitdə təhsilin keyfiyyətinin artırılması üçün təhsil və istehsalat əlaqərinin möhkəmləndirilməsinə, dövlət-biznes partnyorluğu əsasında istehsalat resurslarının tələbələrin nəzəri-təcrübi hazırlığının artırılmasına çox önəm veririk, dövlət qurumları, səhmdar cəmiyyətlər və tikinti şirkətləriylə əməkdaşlıq haqqında müqavilələr imzalayırıq. Zamanın tələbinə uyğun olaraq təhsil və istehsalat əlaqələri qarşılıqlı maraqlar əsasında qurulur. Burada Universitetin marağı yeni texnologiyalarla bilavasitə iş prosesində tanış olmaqdan, istehsalat resursları ilə əyani təmas sayəsində müəllimlərin təcrübi biliklərinin artırılması və qazanılan müasir təcrübənin dərslərin məzmununda əks olunmasından, eləcə də tələbələrin istehsalat təcrübəsinin daha dolğun və effektli keçirilməsindən ibarətdir. Müəssisə və təşkilatlar isə tədris prosesində mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasında və modernləşdirilməsində maraqlı tərəf kimi iştirak edir, gələcəkdə daha yaxşı mühəndis kadrları işə cəlb etmək imkanı qazanırlar.
Son illər istehsalat təcrübələri respublikanın 80-ə yaxın müxtəlif elmi-tədqiqat və tədris müəssisəsində, zavod və istehsalat mərkəzində, səhmdar cəmiyyətdə, şirkət və məhdud məsuliyyətli cəmiyyətlərdə keçirilir. Təhsilin müasir tələblər baxımından təşkili və nəzəri biliklərin təcrübə ilə əlaqəsini möhkəmləndirmək məqsədiylə ARDNŞ, AzərSu ASC, FHN, Paşa-İnşaat, AECOM, ARDNŞ- in Dərin Özüllər Zavodu, AZVİRT MMC, Holcim, Təmiz Şəhər ASC kimi dövlət qurumları, səhmdar cəmiyyətlər və s. tipli iri müəssisələrlə müqavilələr bağlamışıq. İnşaat konstruksiyaları kafedrasında Fövqəladə Hallar Nazirliyinin maliyə dəstəyiylə 2013-cü ildə yaradılmış İnşaat Konstruksiyalarının Komputer Modelləşdirilməsi Laboratoriyasında tələbələr “SAP – 2000” hesablama kompleksi üzrə konstruksiyaların, bina və qurğuların parametrik hesablanmaları və layihələndirilməsi işləri ilə məşğul olurlar. 2015-ci ildə AzərSu ASC-nin dəstəyiylə Ekologiya kafedrasında müasir avadanlıqlarla təchiz olunmuş su təchizatı problemləri üzrə Elmi-Tədqiqat və Tədris Laboratoriyası yaradılıb. Burada quraşdırılmış cihazların köməyi ilə içməli və çirkab suların tərkibindəki 40-dək göstəriciləri təyin etmək mümkündur. Holcim Şirkəti ilə birgə yaradılan Yapışdırıcı Materialların və Betonların Sınağı Laboratoriyası sement və betonun, həmçinin, təqdim edilən texnikanın sınaq işlərinin Avropa standartlarına uyğun yerinə yetirilməsinə imkan verir. Ölkəmizdə ilk dəfə müasir standartlara uyğun İnşaat Konstruksiyalarının Müayinəsi və Tətbiqi Laboratoriyası Paşa-İnşaatın böyük maliyyə dəstəyiylə yaradılıb və ən yeni texniki avadanlıqlarla təchiz edilib. Son dövrlərdə AzMİU ilə Təmiz Şəhər ASC arasında qurulan əməkdaşlıq nəticəsində Ekologiya kafedrasının nəzdində Təmiz Şəhər Mərkəzi formalaşdılıb və bir sıra başqa laboratoriyaların yaradılması üçün işlər görürük. İnformasiya-Kommunikasiya Fondunun dəstəyiylə başlanğıc mərhələdə kiçik sahibkarlığın yaranması, inkişafı üçün hüquqi məsləhət və digər xidmətlərə dəstək olan İnnovativ Biznes İnkubator Mərkəzinin təsis olunması tələbələrin yaradıcılığının və biznes təşəbbüslərinin dəstəklənməsi üçün yaxşı şərait yaradıb.
Təhsilin intensivləşdirilməsi və idarəetmə strukturlarının yenidən qurulması lüzumsuz idarəetmə xərclərinə xeyli dərəcədə qənaət edilməsinə, Universitetin maddi-texniki bazasının gücləndirilməsinə, kollektivin maddi rifahının yüksəldilməsinə imkan verir. Görülmüş işlərin nəticəsi olaraq 2014-2016-cı illərdə maliyyə imkanlarımız bütün əməkdaşların əmək haqlarının 50-55 % artırılmasına imkan verib. Eyni zamanda, tədrisdə və elmi fəaliyyətdə xüsusi uğurlar qazanmış müəllimlərin fərdi olaraq maaşlarının artırılması qaydaları da işlənilir. Daxili qiymətləndirmə layihəsində AzMİU-nun professor-müəllim heyətinin universitetdaxili attestasiyası əsasında əmək haqqına əlavələrin tətbiqi prinsipləri artıq həyata keçirilir.
Universitetdə elmi-tədqiqat fəaliyyətinin inkişafına, onun elmi potensialının yüksəldilməsinə, professor-müəllim heyətinin elmi işlərinin müasir tələblərə uyğun səviyyədə yerinə yetirilməsinə, gənc alimlərin və bacarıqlı tələbələrin kafedralarda, elmi-tədqiqat laboratoriyalarında aparılan elmi araşdırmalara fəal şəkildə cəlb olunmasına həmişə xüsusi diqqətlə yanaşmışıq. Müxtəlif elm sahələri üzrə aktual mövzuların tədqiqi sayəsində AzMİU öz nəzdində elmi-tədqiqat laboratoriyaları, layihə institutu fəaliyyət göstərən geniş profilli elm və təhsil ocağına çevrilib.
Hazırda Universitetdə dövlət büdcəsindən maliyələşdirilən 4 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir.
Professor-müəllim heyətinin və elmi işçilərin ümumi səyi ilə son illər 121 dərslik, 115 dərs vəsaiti, 305 metodiki göstəriş və fənn proqramı nəşr olunub, respublikada və xaricdə çap olunan impakt faktorlu jurnallarda, 40 dövri mətbuat orqanında 1400 elmi məqalə, 81 monoqrafiya dərc etdirilib, 42 ixtiraya patent alınıb. Universitetdə nəşr olunan “Elmi əsərlər”, ”Ekologiya və su təsərrüfatı”, ”Nəzəri və tətbiqi mexanika”, “Urbanizm” adlı elmi jurnallar bu istiqamətdə qazanılan uğurların təbliği və tətbiqində xüsusilə əhəmiyyətlidirlər.
Universitetimizdə öz elmi məktəblərini yaratmış görkəmli alimlər çalışıblar. Professorlar İbrahim Bəxtiyarovun, Davud Axundovun, Abas Mustafayevin elmi araşdırmaları ölkəmizin sərhədlərindən çox uzaqlarda tanınıb və Azərbaycan elminə böyük şöhrət gətirib. Onların elmi rəhbərliyiylə müxtəlif elm sahələri üzrə çoxlu sayda alim və pedaqoqlar formalaşıb. Həmin ənənə bu gün də davam etdirilir və təhsil ocağının aparıcı alimləri akademik T.Əliyev, professorlar G.Məmmədova, A.Şərifov, K.Əliyev, İ.Sadıxov, Ə.İsayev, H.Feyziyev, F.Hüseynov, N.Abdullayeva N.Nağıyev, F.Əliyev, B.Sərdarov, M.Hacıyev, Ə.Əliyev, T.Pənahov və başqaları elmi kadr hazırlığıyla yanaşı, bir sıra böyük elmi və praktiki əhəmiyyəti olan mövzular üzrə tədqiqatlar yerinə yetirirlər. Azərbaycan memarlıq tarixinə dair uzun illər aparılmış tədqiqatların yekunu olaraq alimlərimiz qədim və orta əsrlər dövründən başlayaraq müasir dövrü də əhatə edən Azərbaycan memarlığının tarixi haqqında beşcildlik kitab nəşr etdiriblər.
Doktorantura yolu ilə kadr hazırlığı tanınmış alimlərimiz tərəfindən həyata keçirilir. Məhz həmin mütəxəssislərin səyi nəticəsində Azərbaycanın alim-mühəndisləri həm respublikada, həm də xaricdə səriştəli kadrlar kimi tanınıblar. AzMİU-nun doktoranturasında formalaşmış kadrlar təkcə respubllikamızda deyil, onun hüdudlarından kənarda da müvəffəqiyyətlə çalışırlar. Universitetdə iki Dissertasiya Şurası fəaliyyət göstərir, son beş ildə 19 ixtisas üzrə gənc alim və mütəxəssis hazırlığı işi aparılıb.
Prezident İlham Əliyev tərəfindən imzalanmış təhsilin inkişafı üzrə Dövlət Strategiyasında müasir təhsilin keyfiyyət, məzmun, tədris metodikası və idarəçilik sahələrində ali təhsil müəssisələrinin beynəlxalq təcrübədən yaradıcı şəkildə istifadə etməsi təqdir olunur. Bu gün AzMİU da bir sıra beynəlxalq təşkilatların, o cümlədən, Ümumdünya Universitetlər Birliyinin, İslam Ölkələri Universitetlər Birliyinin, Fransa və Şərqi Avropa Memarlıq Məktəbləri Birliyinin və başqalarının üzvüdür. Ali təhsilin modernləşməsini dəstəkləyən və Avropa Universitetləri ilə əməkdaşlıq sahəsinin yaradılmasına kömək göstərən Erasmus proqramları çərçivəsində bir çox beynəlxalq layihələrinin həyata keçirilməsində iştirak edirik. Hazırda Avropa Birliyinin 3 TEMPUS layihəsində tərəfdaş kimi iştirakı başa çatdırırıq. Bunlar 2012/15-ci illəri əhatə edən “ENOTES-Azərbaycanda ECDL Milli Operator və Test Mərkəzləri”, 2013/15-ci illərə dair “ECONANO - Ekologiya mühəndisliyinin nanotexnologiya əsasında kurikulum islahatı və modernləşdirilməsi” və 2013/16-cı illəri əhatə edən “RETHINK - Beynəlxalq məlumat mübadiləsi vasitəsilə təhsil islahatı” layihələridir. Bu layihələr çərçivəsində müəllimlərimiz Avropa Birliyi ölkələrinin tərəfdaş universitetlərində qısamüddətli təlim səfərlərində iştirak ediblər.
1975-ci ildən Beynəlxalq Regional İctimai Təşkilatın (MOOCAO) üzvüyük, memarlıq fakültəsinin tələbələrinin buraxılış işləri mütəmadi olaraq bu qurumun keçirdiyi müsabiqələrdə nümayiş etdirilir və layiqli yerlər qazanırlar. Hər il keçirilən ənənəvi baxış-müsabiqə ilk dəfə 1982-ci ildə, sonra isə 2014-cü ilin oktyabr ayında AzMİU və Azərbaycan Memarlar İttifaqının təşəbbüsü ilə Bakıda baş tutub.
Uzun müddətdir Türk Dünyası Memarlar və Mühəndislər Birliyi ilə əməkdaşlıq edirik, qurumun təşkil etdiyi memarlıq-mühəndislik sahəsinə dair türk dünyası şəhərsalma qurultaylarında, müxtəlif konfrans, seminar və birgə elmi tədbirlərdə mütəmadi təmsil olunuruq. Bu əməkdaşlığı daha da inkişaf etdirmək və genişləndirmək məqsədi ilə Universitetdə Birliyin Azərbaycan təmsilçiliyi açılıb. Türk Dünyası Mühəndislər Birliyinin növbəti qurultayının 2016-cı ildə Bakıda, AzMİU-nun bazasında keçirilməsi qərara alınıb.
Hazırda AzMİU bu və ya digər proqramlar çərçivəsində 80-dək xarici ölkə universitetləri - Monpelye, Sapienza, İstanbul Texniki, Orta Doğu Texniki, Moskva Dövlət İnşaat, Northampton universitetləri və bu kimi digər nüfuzlu ali təhsil ocaqlarıyla əməkdaşlıq edir. Bu əməkdaşlıq ikili diplom proqramı, əməkdaşlıq müqavilələri, birgə mübadilə proqramları və digər beynəlxalq layihələr əsasında həyata keçirilir.
Universitet 2012-ci ildən Erasmus-Mundus layihələrinə, 2013-cü ildən isə Türkiyə Respublikasının Mövlanə Mübadilə Proqramına qoşulub. Bu layihələr çərçivəsində 100-dək tələbə və müəllim mübadilə proqramlarında iştirak edib.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkə gəncləri ictimai həyatın bütün sahələrinə inteqrasiya olunublar. Təhsilin prioritet sahələrindən hesab olunan təlim-tərbiyə işləri bizim Universitetdə də Azərbaycan dövlətinin gənclər siyasətinə uyğun gerçəkləşir. Gənclərimiz bu gün öz təşəbbüskarlıqları, fəallıqlarıyla seçilirlər, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin keçirilməsində fərqlənirlər.
Vətənpərvərlik tərbiyəsi təlim-tərbiyə işlərinin mühüm istiqamətlərindən biridir. Universitet rəhbərliyi belə hesab edir ki, bu hissi tələbələrə aşılamaq tərbiyə işinin əsasında durmalıdır, çünki onların təkcə ali təhsilli mütəxəssis kimi deyil, həmçinin, vətənini sevən, onun dövlətçilik ənənələrinə sadiq olan, dövlətimizin rəmzləri ilə qurur duyan, müəllifi Heydər Əliyev olan azərbaycançılıq ideologiyasını həyatının amalı qəbul edən, bir sözlə, vətənimizin təəssübkeşi olan vətəndaşlar kimi formalaşdırılması məhz vətənpərvərlik hissindən güc alır.
Tələbələrin elmi və intellektual səviyyəsinin yüksəltmək üçün “Breyn-rinq”, “Kim? Nə? Harada?” kimi intellektual yarışlar mütəmadi keçirilir, tələbələrin elm-istehsalat müəssisələrinə ekskursiyaları, respublikamızın tanınmış ictimai-siyasi xadimləriylə, eləcə də Ağsaqqallar Şurasının təşəbbüsüylə əmək və müharibə veteranlarıyla görüşləri və s. təşkil olunur.
Tələbələrin asudə vaxtının səmərəli təşkili məqsədiylə Azad Tələbə Həmkarlar İttifaqının nəzdində “Şən və Hazırcavablar” klubu, bədii özfəaliyyət dərnəyi və “Buta” rəqs ansamblı fəaliyyət göstərir. Bu kollektivlər Universitetdə, eləcə də respublikamızda keçirilən tədbirlərdə aktivlik göstərir, bayram tədbirlərində tələbələr qarşısında konsertlər verirlər. 2015-ci ilin yayında Bakıda keçirilən Avropa Oyunlarında 1000 tələbəmiz kütləvi səhnələrin təşkilində və müxtəlif xidmət sahələrində könüllülər qismində yaxından iştirak edib.
40 illik yubileyini qeyd edən Azərbaycan Memarlıq və İnşaat Universiteti təhsilin dünya standartları səviyyəsinə çatdırılmasını, ölkənin müasir tələblərə cavab verən mütəxəssislərlə təmin edilməsini və dövlətin təhsil siyasətinin uğurla icra olunmasını özünün strateji hədəfi kimi müəyyənləşdirib. Bu hədəfə istiqamətlənmiş fəaliyyət memarlıq və inşaat sahəsində ali təhsilin 95 illik ənənələrinə, universitetin professor-müəllim heyətinin yüksək elmi, pedaqoji və peşəkarlıq potensialına söykənir. AzMİU inkişaf edir, yeniləşir, intellektual potensialını yüksəldir, mütəxəssis hazırlığının keyfiyyətini artırmaq, dövrün çağırışlarına cavab vermək üçün yorulmadan fəaliyyət göstərir. Memarlıq və inşaat sahəsində ölkəmizdə ən iri elmi-tədqiqat mərkəzi olan Universitetin alimləri aktual istiqamətlərdə elmi araşdırmalar aparır, təhsilin məzmununu elmi nailiyyətlərlə zənginləşdirir, beynəlxalq elmi əlaqələrini günbəgün genişləndirirlər.



Gülçöhrə Məmmədova
memarlıq doktoru, professor, Əməkdar memar,
AzMİU-nun rektoru



Ulu öndərin Azərbaycan təhsilinə bəxş etdiyi

Ulu öndərin Azərbaycan təhsilinə bəxş etdiyi

Oxşar xəbərlər