Qarət edilən azərbaycanlı diplomat danışdı - YENİLƏNİB

Qarət edilən azərbaycanlı diplomat danışdı - YENİLƏNİB 14:06

"5 avqust tarixində məzuniyyətdə olarkən Brüssel vaxtı ilə saat 15:00-da Belçikada yaşadığım evin qarşısında mən və xanımım naməlum 2 nəfər tərəfindən hücuma məruz qaldıq. Bu şəxslər biz binanın girişindən içəri girərkən zorla içəri soxularaq, bizi silah və bıçaqla hədələyərək, üzərlərimizdəki əşyaların onlara verilməsini tələb etmişlər".

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Brüsseldə ona qarşı hücumla bağlı APA informasiya agentliyinin müxbirinin sualına cavabında deyib.

"Onlar xanımımın çantasını və qollarımızdakı rolex model saatları götürərək, bizə yüngül xəsarət yetirərək ərazidən kənarlaşmışlar. Polis dərhal əraziyə gələrək, hadisənin araşdırılmasına başlamışdır. Polis tərəfindən verilmiş məlumata əsasən hal-hazırda cinayətkarların məsuliyyətə cəlb edilməsi məqsədilə müvafiq istintaq tədbirləri davam etdirilir.

Həmçinin qeyd edim ki, Belçika mətbuatında yaşadığımız binanın şəkillərinin dərc olunması təhlükəsizlik səbəbindən qəbuledilməzdir. Qarət edilən saatlarımızın qiymətinin mətbuatda hədsiz dərəcədə və dəfələrlə şişirdilməsi də təəssüf doğurur. Bizə məxsus saatlar rolex markalı olsa da onlar metalik və sadə modellər olub. Bu hücum hadisəsi barədə həmçinin Belçika tərəfinə rəsmən səfirliyimiz tərəfindən müraciət edilib və diplomatların toxunulmazlığının təmin olunması və onlara qarşı bu kimi hücumların qarşısının alınması üçün Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası çərçivəsində tədbirlər görülməsi tələb olunub", - açıqlamada qeyd olunub.

---------
11:20

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə və həyat yoldaşı Brüsseldə soyğunçuluğa məruz qalıblar.

Azərbaycanlı diplomat xanımı ilə icarəyə götürdüyü skuterdə olan zaman iki nəfər şəxs revolverin qundağı ilə onların başına vurub. Daha sonra onlara məxsus 90 min avro dəyərində iki ədəd "Rolex" saatını oğurlayıblar.

Qeyd edək ki, Cəfər Hüseynzadə 2022-ci ilin oktyabrında Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib./Haqqin.az/

Tehsil-press.az

Oxşar xəbərlər