Türkiyə–Azərbaycan Universitetinə böyük maraq

Türkiyə–Azərbaycan Universitetinə böyük maraq Türkiyə–Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələri açıqlanıb.

Türkiyənin Ali Təhsil Şurası (Yükseköğretim Kurulu – YÖK) və Azərbaycanın Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə yeni universitet modeli olaraq yaradılmış Türkiyə–Azərbaycan Universitetinə abituriyentlər böyük maraq göstəriblər. Qəbul nəticələrinə əsasən, universitetdə kompüter mühəndisliyi və sənaye mühəndisliyi ixtisasları üzrə 30, qida mühəndisliyi ixtisası üzrə 27 nəfər olmaqla ümumilikdə 87 tələbə təhsil alacaq. Universitet 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq.

Türkiyə–Azərbaycan Universitetinin kompüter mühəndisliyi ixtisasına qəbul üzrə ən yüksək bal 684,9, ən aşağı bal 641,6 olub. Sənaye mühəndisliyi ixtisasında ən yüksək bal 663,7, ən aşağı bal isə 544,4 olub. Qida mühəndisliyi ixtisasında ən yüksək bal 632,8 olduğu halda, baza balı 452,1 olub.

Türkiyə–Azərbaycan Universiteti “çətir universitet” funksiyasını yerinə yetirəcək. Belə ki, bu ali təhsil müəssisəsi Türkiyənin 3 aparıcı universitetinin proqramlarını özündə birləşdirəcək. Beləliklə, kompüter mühəndisliyi ixtisasında Orta Şərq Texniki Universitetinin (ODTÜ), sənaye mühəndisliyi ixtisasında İstanbul Texniki Universitetinin (İTÜ), qida mühəndisliyi ixtisasında isə Hacettepe Universitetinin tədris proqramları əsas götürüləcək. Proqramları uğurla başa vuran tələbələrə müvafiq universitetlərin diplomu təqdim olunacaq.

Qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasında elm və texnologiya sahəsində əməkdaşlığı yeni səviyyəyə çatdıracaq Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb. Memorandumu Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.

Tehsil-press.az

Oxşar xəbərlər