Ermənistan sentyabrın 2-də Azərbaycana qarşı böyük təxribat hazırlayır

Ermənistan sentyabrın 2-də Azərbaycana qarşı böyük təxribat hazırlayır Sentyabrın 2-də erməni radikal-revanşistlər cəhənnəmlik olmuş mifik, mövcud olmayan “artsax”ın “müstəqilik günü”nü qeyd etməyə hazırlaşırlar. Ancaq ilk dəfə olaraq, 30 ildən artıq işğalda saxladıqları Qarabağda yox, İrəvanda.

Üsyankar keşiş Baqrat Qalstanyan artıq “qara gün”lə bağlı çağırış da edib. Həmin gün o, həmvətənlərini “artsaxın İrəvan nümayəndəliyi”nin önünə dəvət edib. Yəni məlum olur ki, Ermənistanda hələ də belə qanunsuz qurumun qondarma “nümayəndəliyi” fəaliyyət göstərir. Şübhəsiz ki, Ermənistan hakimiyyəti separatçılara belə bir şəraiti yaradıb. Hakimiyyətin izni olmadan separatçı tör-töküntüləri özlərinə İrəvanda ofis qura bilməzdilər.

Bəs Qarabağı Azərbaycanın tərkib hissəsi sayıb Bakı ilə sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edən Nikol Paşinyan bu qanunsuz qurumu niyə ləğv etmir? Ən önəmlisi, potensial müharibəyə gətirəcək Ermənistan Konstitusiyası beynəlxalq hüquqa, BMT Nizamnaməsinə nə vaxt uyğunlaşdırılacaq? Erməni baş nazir sülh nağıllarının sülhə yox, yeni müharibəyə apardığının fərqindədirmi? Yaxud nə üçün o, Bakının ATƏT-in Minsk Qrupunun rəsmən ləğvi ilə bağlı təklifinə də müqavimət göstərir? “Sülh istəyən” İrəvan MQ-nin ləğvini niyə istəmir? Bu da konstitusiya dəyişikliyi qədər çətindirmi?

Xatırladaq ki, Paşinyan vaxtilə “artsax institutları”nın İrəvanda mövcudluğunun Ermənistanın təhlükəsizliyi üçün təhdid yaratdığını bildirmişdi. Elə isə öz sözünü niyə tutmur? Ötən il sentyabrın 2-də isə o, Qarabağdakı separatçı ünsürlərə “müstəqillik təbriki” göndərmişdi. Sonrası bəlli - 19-20 sentyabr antiterror tədbirləri və Azərbaycanda erməni separatizminin kökünün kəsilməsi. Nikol sentyabrın 2-də, bu dəfə nə deyəcək, özünü necə aparacaq?

Analitiklər hesab edirlər ki, separatçılar İrəvanda “dirilməyi” qarşılarına məqsəd qoyublar və bu, sülh prosesinə əngəl yaradan amilə çevrilə bilər.

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatından sonra separatçıların Bakının şərtlərini qəbul etməkdən başqa yolu yox idi. Əməliyyatlardan sonra separatçıların nümayəndələri Yevlaxda görüşə gəldilər, quldurbaşı Samvel Şahramanyan da bir “fərman” imzaladı. Hansı ki, həmin “sənədin” də bizim üçün hüquqi əhəmiyyəti yox idi: “Hər halda, bəyan etdilər ki, yanvarın 1-i 2024-cü ildən etibarən qondarma qurumun bütün "orqanlarını" buraxırlar. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, separatçılar ərazimizi tərk etdil, bəzilərini həbs etdik. Şahramanyan Ermənistana gedəndən az sonra verdiyi “fərman”ın etibarsız olduğunu elan etdi və gedib oturdu separatçı rejimin İrəvandakı “nümayəndəliyi”nin ofisində. Bu, həmin ofisdir ki, Qarabağ separatçıların işğalı altında olduğu zamanlarda da “nümayəndəlik” adı ilə fəaliyyət göstərirdi və Azərbaycana qarşı vaxtaşırı bəyanatlar səsləndirirdi, Azərbaycana qarşı toplantılar keçirilirdi, ərazi iddiaları təkrarlanırdı. Lakin Samvel Şahramanyan və rejimin digər quldurbaşıları İrəvana qaçandan sonra həmin ofisi qondarma “artsaxın mühacir hökumət binası” kimi təqdim etməyə başladılar. Nikol Paşinyan və digər hakimiyyət rəsmiləri bir neçə dəfə həmin bədnam ofisin fəaliyyətinin zərərli olduğu kimi fikirlər səsləndirsələr də oranı bağlamadılar. Nikol Paşinyan istəsəydi, o quldur yuvasını tamamilə qapadıb qapısına qıfıl vurdurardı. Ancaq bunu etmədi. Faktiki olaraq separatçılara qucaq açmaq yolunu seçdi".

Politoloq düşünür ki, separatçılar da son zamanlar Paşinyanın onlara şərait yaratdığına əmin olduqları üçün aktivləşməyə başladılar: “Hətta o qədər arxayınlaşıblar ki, 2 sentyabrda "artsax nümayəndəliyi"nin qarşısında böyük tədbir keçirmək istəyirlər. Nikol Paşinyan onların bu fitnəkarlığının qarşısını almayacaqsa, bu o demək olacaq ki, Paşinyan qətiyyən sülh istəmir, Azərbaycanla sülh sazişi imzalamaq niyyətində deyil və sülh oyunu oynamaqla məşğuldur. Çünki Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarının hələ də qalması nə qədər Azərbaycanla Ermənistan arasında sülh sazişinə əngəldirsə, bir o qədər də İrəvanda Qarabağdan getmiş separatçı rejimin ünsürlərinin fəaliyyətinə şərait yaradılması, onların fəaliyyətinin qadağan edilməməsi problem yaradır və yaradacaq. Paşinyan bunu yaxşı bilir və bilərəkdən də separatçılara şərait yaradır. Deməli, sülh müqaviləsini imzalamaq niyyətindən uzaqdır. Hətta istisna deyil ki, Paşinyan 2 sentyabrda separatçı rejimin tör-töküntülərinin xoşuna gələn fikirlər də səsləndirə bilər. Belə edəcəksə, Azərbaycana ona sərt xəbərdarlıq etməlidir və Azərbaycana qarşı cinayətlər törətmiş quldurlarla bağlı tədbir görülməsi tələbi irəli sürülməlidir".

Politoloq qeyd etdi ki, Azərbaycanın mövqeyi bəllidir - Ermənistanda ölkəmizə qarşı ərazi iddialarına birdəfəlik son qoyulmalıdır: “İrəvan sülh istəyirsə, müqavilədə əsas bənd ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıması və bir-birinə qarşı ərazi iddiası irəli sürməmək öhdəliyinin götürülməsi olacaq. Yox, əgər İrəvanda bir qrup şəxs Azərbaycan ərazilərinə iddiasını davam etdirirsə, o zaman bölgədə nə sülh olacaq, nə də əməkdaşlıq. Ermənistanla Azərbaycan arasında hazırda sülh gündəliyinə, sülh sazişinin razılaşdırılmasına ən ciddi hüquqi maneələrdən biri məhz Ermənistan Konstitusiyasının preambula hissəsində istinad olunan Ermənistanın Müstəqillik Bəyannaməsindəki Azərbaycana ərazi iddialarıdır. Digər bir maneə isə Azərbaycana qarşı cinayətlər törətmiş və artıq mövcud olmayan separatçı rejimin tör-tökünütlərinin Ermənistanda fəaliyyətinə şərait yaradılmasıdır. Ermənistan bu iki problemi mütləq aradan qaldırmalıdır. Əks halda, sülh olmayacaq və gec-tez bu vəziyyətdən Ermənistan dövləti və xalqı böyük ziyan görəcək. Azərbaycana qarşı yeni təxribat planları qurulsa, şübhəsiz, artıq Azərbaycanın legitim addımlar atmaq zərurəti yaranacaq. Vaxt gedir, Paşinyan nə qədər gec deyil qeyd edilən məsələləri həll etməlidir. Əks halda, yenə uduzan tərəf olacaq”.

Tehsil-press.az

Oxşar xəbərlər