Mərkəzi Bankdan manatla bağlı yeni açıqlama

Mərkəzi Bankdan manatla bağlı yeni açıqlama “Rəqəmsal valyuta ilə bağlı fundamental tədqiqatlar həyata keçirilir”.

Mərkəzi Bank yeni nəsil milli pul nişanlarının yeni konsepsiyasının yaradılması ilə bağlı ictimai sorğu keçirir. Oktyabr ayının 1-dək davam edəcək sorğu vasitəsilə ilkin mərhələdə bu pul nişanları konsepsiyası ilə bağlı mövzu adlarının müəyyən edilməsi nəzərdə tutulur. Vətəndaşlar Mərkəzi Bankın rəsmi internet səhifəsinə daxil olmaqla xüsusi formada müvafiq qeydlər apara, həmin formanı sözügedən quruma göndərərək sorğuda iştirak edə bilərlər. Bununla da vətəndaşlar pul nişanlarının necə bir dizaynda olmasında vasitəçi olacaqlar.

Bəs, yeni konsepsiyasının hazırlanmasını zəruri edən amillər hansılardır? Aparıcı dünya ölkələri eletron valyutalara keçid etdiyi, ödəniş vasitələrinin də elektronlaşdırıldığı bir vaxtda kağız manatın dizaynını dəyişmək həvəsi hansı əsaslara söykənir?

Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev açıqlamasında deyib ki, hazırda tədavüldə olan milli pul nişanları Azərbaycan Respublikasının Prezidentinin 7 fevral 2005-ci il tarixli Fərmanı ilə həyata keçirilmiş denominasiya tədbirləri çərçivəsində tədavülə buraxılıb:

“Əsas konsepsiya mövzusu “Müstəqil Azərbaycan” olan milli pul nişanlarımız ilkin olaraq 6 nominalda kağız (1, 5, 10, 20, 50, 100 manat) və 6 nominalda metal (1, 3, 5, 10, 20, 50 qəpik) pul nişanından ibarət olmaqla 2006-cı ildən etibarən dövriyyəyə buraxılmış, 2018-ci ildə isə 200 manat nominallı kağız pul nişanı konsepsiyaya əlavə edilmişdir. Konsepsiya çərçivəsində hər bir nominal ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini, dinamik inkişafını təcəssüm etdirməklə ayrı-ayrılıqda müxtəlif alt mövzulara həsr olunub.

Pul nişanlarının yenilənməsi, o cümlədən yeni nəsil milli pul nişanlarının yaradılması beynəlxalq təcrübədə rast gəlinən bir haldır. Bu zaman dövrün tələblərinin, cəmiyyətin gələcək inkişaf strategiyasının, yeni iqtisadi və siyasi reallıqlardan meydana gələn çağırışların cəmiyyətə çatdırılması kimi mühüm faktorlar nəzərə alınır. Mərkəzi Bank tərəfindən dünya təcrübəsində mövcud olan ən son təhlükəsizlik elementləri daim təhlil edilir və manatın təhlükəsizlik sisteminin daha da təkmilləşdirilməsi istiqamətində davamlı olaraq işlər aparılır. Bununla yanaşı, torpaqlarımızın işğaldan azad olunaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ölkəmizin regionda və dünyada siyasi-iqtisadi səviyyədə yeni bir müstəviyə qədəm qoymasını şərtləndirib. Bu da öz növbəsində əsas dövlətçilik atributlarından olan milli pul nişanlarımızın yeni dövrə və çağırışlara uyğunlaşdırılması məsələsini gündəmə gətirib”, -deyə N. Əliyev bildirib.

Namiq Əliyevə “Rəqəmsal valyutanın yaradılması istiqamətində hansı işlər aparılır?” sualını da ünvanladıq. Onun sözlərinə görə dünyanın əksər mərkəzi bankları və texnoloji mərkəzləri tərəfindən mərkəzi bankların rəqəmsal valyutasının (CBDC) tətbiqi imkanlarının qiymətləndirilməsi üzrə fundamental tədqiqatlar həyata keçirilir:

“Həyata keçirilən tədqiqatlar CBDC-nin iqtisadi və maliyyə sistemi üçün yaradacağı fayda və risklərin tədqiqini, habelə bu sahədə istifadə olunan yeni nəsil texnologiyaların ən optimalının seçimini əhatə edir. Ölkədə CBDC üzrə konseptual yanaşmanın müəyyən edilməsi və tədqiqatların aparılması məqsədilə Azərbaycan Mərkəzi Bankı beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Bu çərçivədə beynəlxalq təcrübələrə uyğun olaraq Mərkəzi Bank tərəfindən CBDC-nin yaradılmasını şərtləndirən məqsədlər, CBDC-nin dizayn xüsusiyyətləri, hüquqi və requlyativ əsaslar, Mərkəzi Bankın hazırlıq səviyyəsi (rəqəmsal ödəniş sistemləri infrastrukturu, ödəniş təşkilatları, adekvat bacarıqların mövcudluğu, hüquqi və requlyativ dəyişikliklərə açıqlıq) üzrə məsələlər araşdırılaraq təhlil edilir”./ Missiya.Az

Tehsil-press.az

Oxşar xəbərlər