Naxçıvan Dövlət Universitetində I kurs tələbələrinə ilk dərsi şəhid ailələri və qazilər keçib

Naxçıvan Dövlət Universitetində I kurs tələbələrinə ilk dərsi şəhid ailələri və qazilər keçib Sentyabrın 16-da Naxçıvan Dövlət Universitetində I kurs tələbələrinə ilk dərsi şəhid ailələri və qazilər tədris edib.

NDU-nun Media və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, ali təhsil müəssisəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan igidlərimizin xatirəsi daim uca tutulur. Bildirilib ki, universitetdə şəhid ailələri və qazilərlə görüşlərin təşkili artıq ənənə halını alıb.

Qeyd olunub ki, universitet məzunları arasında şəhidlik zirvəsinə ucalan tələbələrin adına auditoriyalar istifadəyə verilib. Vurğulanıb ki, bugünkü görüşün məqsədi şəhidlərin şərəfli ömür yolu ilə tələbələri yaxından tanış etməkdir.

“Naxçıvan şəhid ailələri” İctimai Birliyinin sədri, şəhid Amin Gülməmmədovun atası Mais Gülməmmədov dövlətin şəhidlərə, şəhid ailələrinə göstərdiyi qayğını və dəstəyi yüksək qiymətləndirib. Qeyd edilib ki, universitetdə belə tədbirlərin mütəmadi olaraq keçirilməsi tələbələr, müəllimlər və şəhid ailələri üçün qürurverici haldır. Vurğulanıb ki, hər bir şəhid valideyni auditoriyalarda tələbələrə öz övladının keçdiyi döyüş yolu, göstərdiyi şücaət barədə məlumatlar verərək, gənclərə vətənpərvərlik ruhu aşılayacaqlar.

Tədbirdə “Naxçıvan Qazilər” İctimai Birliyinin sədri, qazi Ceyhun Bayramov qeyd edib ki, ölkədə qazilərə dövlət qayğısının bariz nümunəsi olaraq Naxçıvan Dövlət Universitetində qazilərin gənclərlə görüşlərinin davamlı keçirilməsini göstərmək olar.

Qeyd edək ki, universitetin 12 fakültəsində 47 şəhid ailəsi üzvü və qazi I kurs tələbələrinə ərazi bütövlüyü və suverenliyimiz uğrunda canlarından keçən övladlarının həyatından, döyüş yolundan danışıblar. Onlar gənclərimizi milli və vətənpərvər ruhda yetişməyə, savadlı kadr kimi formalaşıb dövlətə sədaqətlə xidmət etməyə səsləyiblər.

Tehsil-press.az

Oxşar xəbərlər