Konqolu gənclər Bakı Ali Neft Məktəbində təhsil alacaq

Konqolu gənclər Bakı Ali Neft Məktəbində təhsil alacaq Səkkiz konqolu gənc 2024-2025-ci tədris illərində SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisasları üzrə #bakalavriat səviyyəsində təhsil alacaq.

Bu, SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə Konqo Respublikasının Milli Neft Cəmiyyətinin baş direktoru Maixent Raoul Ominga arasında imzalanan “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu” çərçivəsində baş tutacaq.

Sözügedən əməkdaşlığın həyata keçirilməsi məqsədilə onlayn görüş təşkil olunub. Görüşdə BANM-ın rektoru Elmar Qasımov, Konqo Respublikasının Milli Neft Şirkətinin baş direktoru Maixent Raoul Ominga, eləcə də Konqo Respublikasının Xarici İşlər, Frankofoniya və Xaricdə yaşayan Konqolularla iş üzrə nazirinin müavini Qi İtua, #Azərbaycan Respublikasının iqamətgahı Nayrobi şəhərində olmaqla Konqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev və konqolu gənclər iştirak ediblər.

Tələbələrdən birinin təhsili SOCAR-ın təqaüdü, yeddisinin isə Konqo Respublikasının Milli Neft Şirkətinin hesabına həyata keçirilir.

Elmar Qasımov bu əməkdaşlığın konqolu tələbələrin peşəkar mütəxəssis kimi formalaşmasında mühüm rol oynayacağını, nəticədə onların Konqo iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfələr verəcəyini bildirib. Habelə xalqlar arasında #təhsil sahəsində yeni körpülərin qurulmasına xidmət edəcəyinə də əminliyini ifadə edib.

Öz növbəsində Maixent Raoul Ominga əməkdaşlıqdan məmnunluğunu bildirib, Ali Məktəbin mühəndislik təhsili sahəsində lider olduğunu vurğulayıb. O, BANM-ın müasir tədris metodları və yüksək peşəkarlıq səviyyəsi ilə tanındığını, bu təhsil müəssisəsinin konqolu gənclərin akademik və peşəkar inkişafına böyük töhfə verəcəyini qeyd edib.

Eləcə də Qi İtua bu əməkdaşlığın uğurla davam etməsi və gələcəkdə daha geniş layihələrin həyata keçirilməsi üçün uğurlar arzulayıb.

Əməkdaşlığın əhəmiyyətini vurğulayan səfir Sultan Hacıyev isə bu təşəbbüsün iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirəcəyini qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər